background

İSA KÖRPÜLÜİsa Körpülünün xatİrəsİnə

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

ÇOXDAN OLMUŞ HADISƏLƏRIN SONRADAN SÖZLƏ

CIZILMIŞ KONTURLARI

 

         Yaşadığımız real dünya olduqca təzadlı və paradoksaldır. Bəzən görürsən ki, daim ətrafında olan adamlarla yetərincə maraqlanmırsan. Onun iç dünyasına nüfuz edib yaxından tanıya bilmirsən. Elə ki, o dünyasını dəyişir, surəti gəlib dayanır gözünün qabağında və onunla bağlı bütün xatirələr çözələnir, hətta zaman-zaman unutduğun hadisələr də qəfil bərpa olunub kino lenti kimi gəlib göz önündən keçir. Bəlkə elə buna görə deyirlər ki, insanın ölümü onun tam olmayan ömrünə yeni cizgilər əlavə edir. Təbii ki, bu cizgilər onun nakam həyat ömrünü tamamlayan ayrı-ayrı adamların müxtəlif ovqatlı xatirələridir.

         Heç ağlıma sığışdıra bilməzdim ki, nə vaxtsa həmişə hafizəmdə şən, deyib-gülən, zarafatı sevən, gülərüz İsa Körpülü dünyasını dəyişəcək və mən onun haqqında xatirə-rekviyem, xatirə-elegiya və daha nə bilim nələr yazacağam. Amma neyləmək olar, bu qəzavü-qədərin, Allahın işidir. Onların işinə qarışmaq isə bizlik deyil. Bizə qalan ancaq odur ki, onun yarımçıq qalmış ömrünə öz xatirələrimizlə tamlıq gətirək.

 

* * *

 

         Mən İsanın özündən əvvəl onun valideynləri Həsən kişini və anası Gözəli tanımışam. Hər ikisi halal, Allah adamları idi. Ömürləri boyu halal çörək qazanmışlar və övladlarını da halallıqla böyütmüşlər. Amma çətinlikləri də çox olmuşdur. Lakin bütün bunlara baxmayaraq, övladlarının hamısına ali təhsil verə bilmişlər. Həsən kişi dünyadan vaxtsız getdiyinə görə, ağırlıq daha çox Gözəl xalanın üzərinə düşmüşdür.

         Gözəl xala ilə anam Fatma əmi qızları olduqları üçün, ailələrimiz arasında həmişə isti münasibət olmuşdur. Bu isti münasibəti daim onların övladları da əvvəlki kimi qoruyub saxlaya bilmişlər. Xatırladım ki, Gözəl xala xoş sifət, xoş qılıq, şirindilli bir qadındır. O, adamlarla tez ünsiyyət qurmağı, dil tapmağı çox yaxşı bacarır. Onun üçün psixoloji baryer, maneə mövcud deyil. Bütün bünlara səbəb onun daxilən düz və təmiz olması, bir də şirindil, xoş qılıq olması idi. Bü xüsusiyyətlər bütünlüklə övladlarına da sirayət edibdir. Bu keyfiyyət İsada xüsusi ilə güclü idi. O, heç vaxt üzünü görmədiyi adamla da ünsiyyət tapa bilirdi.

         Yadımdadır, ötən əsrin 60-cı illərinin ortalarında mən Azərbaycan Dövlət Universitetində təhsil alırdım. Yay tətili günlərində tələbə dostum Nüsrət Kəsəmənli ilə birlikdə əvvəlcə onun yaşadığı Ağstafaya, oradan da bizim Körpülü kəndinə getməli olduq. Və on günə qədər Körpülüdə qaldıq. Bütün günü orda-burda qonaqlıqda olduğumuza görə, axşamlar bir az vaxt tapıb Alpaşanın yalında, anamgilin həyətində çay süfrəsinə əyləşib kəndin əsrarəngiz təbiətini seyr edə-edə söhbətləşirdik. Biz Bakıdan gəldiyimizə görə, onlar üçün çox maraqlı idik. Buna görə məhəllənin bütün uşaqları bura toplaşıb yan-yörəmizdə fırlanırdılar. İsa da onların arasında idi. Dildən pərgarlığı, şirindilliliyi və çevikliyi ilə o biri uşaqlardan xeyli fərqlənirdi. Daim çalışırdı sual versin, nəyi isə öyrənsin. Bu, həm mənim, həm də Nüsrətin diqqətindən yayınmırdı. Ona görə həm mən, həm də Nüsrət daha çox onu söhbətə cəlb etməyə çalışırdıq. Bir axşam yenə həyətdə çay süfrəsi ətrafına toplaşmışdıq. Deyib-gülür, zarafatlaşırdıq. Birdən İsa ilə Etibar gəlib çıxdılar. Deyəsən onda onlar orta məktəbdə oxuyurdular. İsa məclisdəki xoş ovqatı görüb bizə qoşulmağa çalışdı. Buna görə ağlına gələn ilk sualla mənə tərəf döndü və sakitcə soruşdu:

         - Ay lələ, bu tələbə dostun Nüsrət haralıdır?

         Dedim: qonşu Qazaxdan, Ağstafadandır.

         Elə bil sifəti işıqlandı və sıxıntıdan qurtardı. Əlavə suallar verməyə başladı:

         - Görəsən şer-zad yazermi?

         Cavab verdim:

         - Ay İsa, Qazaxlı olub şer yazmamaq olarmı?! Hərdənbir yazır, amma hələ çap olunmur.

         Deyəsən Nüsrət bizim söhbətimizi eşitdi və buna görə də İsa tərəfə çevrilib soruşdu:

         - Qaqaş, yəqin orta məktəbdə oxuyursan? Mən sənin yaşında olanda, orta məktəbdə oxuyanda hər şeynən maraqlanırdım. Məktəbin bədii özfəaliyyət dərnəyində iştirak edib səhnədə min oyun çıxarırdım. Sən məktəbdə nəynən məşğul olursan? Məktəbi qurtarandan sonra hara getmək fikrin var?

         İsa elə bil müəllim qarşısında imtahan verən şagird ovqatı yaşayırdı. Sifətində qəribə cizgilər yaranmışdı. Sanki tərəddüd keçirirdi. Ona görə suallara da tərəddüdlə cavab verdi:

         - Nə bilim, mən də özfəaliyyət dərnəyində iştirak edirəm. Ara-sıra oxumağım, çalıb-çağırmağım da var. O ki qaldı hara getməyimə, yəqin ki, elə bu sahələrə gedəcəm, lələ...

         Bunun ardınca üzünü mənə tutub ehtiyatla soruşdu:

         - Ay lələ, bəs siz hansı ali məktəbdə oxuyursunuz?

         Dedim:

         - Universitetin jurnalistika fakültəsində oxuyuruq.

         Suallar çoxaldı:

         - Oranı qurtarandan sonra nəylə məşğul olacaqsınız?

         - Qəzet, jurnal redaksiyalarında, televiziya və radioda işləyəcəyik. Yəni yazı-pozu ilə məşğul olacağıq.

         Sifətində qəribə bir təbəssüm gəzdi:

         - Mən də elə bilirəm ya həkim, ya prokuror olacaqsınız. Sən demə şair, yazıçı olmaq fikrindəsiniz.

         Nüsrət söhbətə qarışdı:

         - Ay İsa, şair, yazıçı olmaq üçün ali məktəb təhsili o qədər də vacib deyil. Gərək istedadın olsun. Bəyəm aşıq Ələsgər ali məktəb qurtarmışdı? Amma gör necə dərin və mənalı şerlər yazıb.

         Yaşca bizdən çox kiçik olmasına baxmayaraq, praqmatik bir cavab verdi:

         - Vallah, şöhrətli şair, yazıçı olmaq da yaxşıdır, hörmətli professor, müəllim də. Amma onlardan daha hörmətli bir peşə də var, ay lələ...

         Nüsrətlə mən təəcüblə İsanın üzünə baxıb onun nə deyəcəyini gözlədik. O, yarı ciddi, yarı ironik şəkildə sözünü tamamladı:

         - O, bizim şaftalı bağlarının briqadiri peşəsidir... Bilirsiniz onlar nə kef çəkirlər?!

         Hamımız şaqqanaq çəkib gülüşdük. Çaşıb qalmış İsa da bizə qoşuldu. Bu hadisədən çox-çox sonralar da rəhmətlik Nüsrətlə görüşəndə İsanın o sözlərini xatırlayıb Körpülü səfərimizi, İsanın sözlərini anıb xoşhallanırdıq.

 

* * *

 

         Yaşadığımız dövr olduqca mürəkkəb və təzadlıdır. Heç bilmirsən ki, ümidlə gözlədiyin işıqlı sabahlar sənin üçün hansı gözlənilməz sürprizləri hazırlayıbdır. Bir də görürsən ki, dünənki sağ-salamat adam sabahkı gün ağlına gəlməyən diaqnozla xəstəxanaya düşdü. 31 dekabr 2002-ci ildə mən də belə oldum. Qəflətən xəstələndim. Və ağır infarkt diaqnozu ilə Sabunçu xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanaya köçürüldüm. Eşidib bilən qohum-əqraba axışıb məni ziyarətə gəldilər. Qardaşlar – Alxanla İsa da onların arasında idilər. Yaxşı yadımdadır, onlar məni ziyarətə gələndə İsa mənə nəfis tərtibatlı bir kitab verib dönə-dönə tapşırdı:

-         Lələ, vəziyyətin yaxşılaşanda bu kitabı vərəqləyərsən...

Təşəkkür edib kitabı götürdüm və onlar gedəndən sonra elə-belə, üz qabığını nəzərdən keçirdim. Diqqətimi çəkən kitabın üstündəki İsa Körpülü imzası və “Sevməzdim dünyanı sən olmasaydın” adı oldu. İlk səhifəni çevirdim. şer toplusu idi. Düzünü deyim ki, o vaxta qədər İsanın şer yazdığını bilmirdim. Mənə elə gəlirdi ki, o, xırda bizneslə məşğul olur. Nə isə, o vaxt, daha dəqiq desək xəstəxanada yatan vaxtı yox, ondan çox-çox sonralar İsa Körpülünün “Sevməzdim dünyanı sən olmasaydın” adlı şerlər toplusunu diqqətlə nəzərdən keçirdim. “Vətən sevgisi, yurd həsrəti”, “Dünya məhəbbətdən gözəlləşib”, “Yarı ciddi, yarı zarafat”, “Yeni şerlər” adlı dörd bölümdən ibarət olan bu kitabda İsanın ayrı-ayrı vaxtlarda yazdığı, xalq ruhundan qaynaqlanan şerləri toplanmışdı. şerlərinin hər birində sevgi, məhəbbət, Vətən, torpaq, yurd həsrəti xüsusi üstünlük təşkil edirdi. Səmimi ifadə olunmuş həmin şerlər İsa Körpülünün səmimiyyətindən, iddiasızlığından xəbər verirdi. Hiss olunurdu ki, o peşəkar şair olmaq iddiasından uzaqdır, sadəcə olaraq, öz daxili duyğularını, itirdiyi Vətənlə, torpaqla, yerlə, yurdla bağlı yaşantılarını, nostalji hisslərini ətrafındakı adamlarla bölüşmək, yüngülləşmək istəyindədir. Nümunə göstərəcəyimiz bəzi poetik parçalardan da bunu aydın görəcəksiniz.

 

                                            Körpülüdən nə xəbər var, nə namə,

                                            Ayrılığı doldurmuşam sinəmə,

                                            Hər sözünə, kəlamına, kəlmənə,

                                            Şirin-şirin can deməyə gəlmişəm.

Yaxud:

                                            Sərt üzü var, torpağın da, daşın da,

                                            İsa üçün fərqi yoxdur yaşın da,

                                            Ağac olub Yekə yalın başında,

                                            Körpülünün çöllərində qalaydım.

Və yaxud:

                                            Qurban olum torpağına, daşına,

                                            Fikir vermə gözlərimin yaşına,

                                            Oddu düşüb ürəyimin başına,

                                            İsa gedir, sən salamat qal, aşıq,

                                            Köklə sazı, Yurd havası çal aşıq.

 

İsa Körpülü özü səmimi olduğu kimi, sevgi motivli şerlərində də duyğuları, etirafları səmimidir. Buna şahid olmaq üçün gətirilən poetik nümunələrə diqqətlə fikir verin:

 

                                          Əkdim hicran, dərdim hicran, yoruldum.

                                          Kösöv kimi içim-içim qovruldum,

                                          Ulduz-ulduz səpələndim qor oldum,

                                          Bir dəfəlik yanammadım, neyləyim?!

Yaxud:

                                          İstəyirsən ürəyimi ayır - yar,

                                          Görünməyir gözlərimə ayrı yar,

                                          Bizi bizdən ancaq fələk ayırar,

                                          Niyə mənə: sən zəlilsən, deyirsən,

                                          Daha gecdir, gecikmisən, deyirsən.

Və yaxud:

                                          Nə fərqi var, ya ayrılıq, ya ölüm,

                                          Ayrılığın həm işgəncə, həm zülüm,

                                          Yalvarıram, elə baxma, ay gülüm,

                                          Əlim Əsir, üzəmmirəm, ölürəm.

 

İsa Körpülünün poetik yaradıcılığının bu qəbildən olan şer nümunələrini çox gətirib, çox filoloji təhlillər, paralellər aparmaq olar. Amma hörmətli alimlərimiz filologiya elmləri doktorları professor Şamil Vəliyev və Şahin Xəlilli bu yöndə araşdırmalar aparıb mətbuatda rasional söz dedikləri üçün, həmin fikirdən vaz keçirik. Və İsanın poeziyası ilə əlaqədar yalnız bunu demək istəyirik: xalq ruhundan qaynaqlanan, sadə və səmimiyyətlə ifadə olunan bu şerlər zaman-zaman xalq tərəfindən həmişə oxunacaq və İsanı yaddaşlarda yaşadacaq.

 

* * *

 

İnsan arzuları hüdudsuzdur. Zirvə arxasında zirvə göründüyü kimi, insanın da arzuları bitib tükənməzdir. Xatırladım ki, İsa da böyük, tükənib bitməyən arzularla yaşayırdı. Bununla bağlı çox da uzaq olmayan bir dövrdə aramızda baş vermiş bir hadisəni xatırlayıram. Yadımdadır, İsa çox istəyirdi ki, onun şerlərinə bəstəkarlar tərəfindən musiqi bəstələnsin. Onunla xeyirdə, şərdə görüşəndə həmişə bu ətrafda söz-söhbət salırdı: “Nüsrət Kəsəmənlinin şerlərinə çoxlu musiqi bəstələnib. Eşidəndə ürəyim dağa dönür. İstəyirəm mənim də o cür mahnılarım olsun. Efirdə səslənsin. Tez-tez kəndimiz Körpülünün adı eşidilsin”.

Sözün doğrusu, musiqi bəstələməyin, mahnı yazdırmağın maliyyə çətinliklərini yaxşı bildiyim üçün İsanın bu sözlərinə o qədər də reaksiya vermirdim. Amma bir dəfə Körpülü toylarının birində əl çəkmədi, incik halda hücuma keçdi:

- Niyə mənə kömək etmirsən, lələ?!

Təəcüblə onun üzünə baxıb sual etdim:

- İsa, nədə sənə kömək etməkdən qaçmışam?

Üz cizgiləri dəyişdi və bircə onu dedi:

- Niyə məni bir yaxşı bəstəkarla tanış etmirsən, şerlərimə musiqi bəstələtmirsən?

Dedim:

- şerlərinə musiqi bəstələmək elə də çətin iş deyil. İstənilən qədər mənə yaxın olan gözəl bəstəkarlar var. Amma çətinlik onun maliyyə məsələsindədir.

Emosional halda dilləndi:

- Sən onun pul tərəfini fikirləşmə. Məni ürəyinə yatan bir yaxşı bəstəkarla tanış eylə. Aşıqsayağı, sazın müşayiəti ilə musiqilər bəstələsin şerlərimə...

Dedim:

- Günü sabah AzTv-yə gəl, səni bəstəkar Mobil Babayevlə tanış edim. Qalanını özünüz danışarsınız.

Razılığa gəldik. Bu söhbətdən bir neçə gün sonra İsa zəng vurub televiziya şirkətinə gəldi. Mobillə onu tanış etdim. Bəstəkar dostum onun bir neçə şerini götürüb xeyli müddətdən sonra onlardan birinə musiqi bəstələdi. Sonradan hadisələrin necə cərəyan etdiyindən, mahnının efirə gedib-getmədiyindən xəbərim olmadı. Çünki mən xəstələnib təzədən xəstəxanaya düşdüm. Çox sonralar Mobildən eşitdim ki, İsadan səs-soraq çıxmadığı üçün onun sözlərinə bəstələdiyi mahnı arxivində qalır. Dediyinə görə çox yaxşı da alınıb.

 

* * *

  

         İnsan bu dünyaya gəlir və gedir. Onların hamısından yox, bəzilərindən nə isə bir nişanə qalır. Xeyirxah əməllərlə məşğul olanlar xeyirxahlıqla xatırlanıb yad edilir. Dünyasını dəyişmiş adamlar dirilər tərəfindən xatırlanırsa, deməli ölməyiblər, yaddaşlarda yaşayırlar. Lap elə bizim İsa Körpülü kimi...

 

 

                                                                 Möhbəddin Səməd,

                                                                 “Qızıl qələm” və “Həsənbəy

                                                                 Zərdabi” mukafatları laureatı, jurnalist

                                                                 (Yeni Nəfəs qəzeti, 3 avqust 2007-ci il)             

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bir görüşün.....

 

Qışın oğlan çağı 1999-cu il, Moskva. Bacım qədər xətrini istədiyim tələbəm Rübabə xanımın həyat yoldaşı İsa bəylə ilk tanışlığım. Uca boylu, qədd-qamətli türk oğlu idi. Ulu tanrı ona daxili saflıq, zahiri gözəllik vermişdi. Mənim şərəfimə ziyafət təşkil etmişdi. Mən hələ bilmirdim ki, o, şer yazır, saz çalır. Moskvada yaşayan dostlarını da məclisə dəvət etmişdi. Xoşbəxt bir gün idi, açılmışdı sinələr, telli saz dilə gəlmişdi gəzib dolaşdığım yurd yerlərimizdə - Topladığım folklor nümunələrindən deməyə başladım. Qurbanidən üzü bəri Molla Qasımdan, Miskin Abdaldan, Tufarqanlı Abbasdan, Valehdən, Alıdan, Ələsgərdən, Bilaldan, Cümədən, Abdulladan, Nəcəfdən, Hüseyndən, Əmrahdan, Kamandardan, Əhməddən, Əkbərdən, İmrandan, Şakirdən, Qurbandan, Söhbətdən, Bəylərdən, Məmmədağadan, Pənahdan, Xanışdan deyilən təxmislər, təcnislər, gəraylılar, qoşmalar, divanilər, müxəmməslər, gözəlləmələr, tərkibəndlər, deyişmələr məclisi bəzəyirdi.

Xoşbəxt idim, uşaqlıq arzularımın bərqərar olduğu anlardan biri baş tutmuşdu. Vətənimizdən uzaqda, Rusiyada türklərin cəm olduğu, bir-birinə qardaş dediyi, böyük-kiçik bilinən, şerin, sənətin qədir-qiyməti verilən ərlər, ərənlər məclisi idi.

Təbimin coşduğu məqamlar idi, sevincimin həddi-hüdudu yox idi. Doğulduğum Muğanın isti havası qədər isinmişdim bu birlikdən. Dua edirdim Allaha, kaş ki, yerindən-yurdundan asılı olmayaraq, xalqımızın övladları həmişə belə olsun. Mən bu birliyə, bu dostluğa alqış deyirdim və şerimizin Göyçə bürcündən olan qardaşım qədər xatirini istədiyim, bizi birliyə səsləyən şairimiz Eldar İsmayılın bu misralarını onlara söyləyirdim:

 

Bizi bölgələrə, məhəllələrə,

Bizi tayfalara bölənə lənət

Bizi bütövlüyə, eşqə, hünərə

Birliyə, dirliyə çəkənə rəhmət.

 

Xöşbəxt idim, bu məclisdə ünsiyyət, ülfət var idi. Təbii ki, mənim şərəfimə qurulmuş bu məclisin bəzəyi İsa bəy əlindən gələni edirdi, sevincinin həddi-hüdudu yox idi. Məni birinci dəfə görən bu insanın kişiliyinə, ləyaqətinə heyran qalmışdım: şer dünyasını açıb tökmüşdü, telli sazı dilə gətirmişdi. Kaşki bu anları bir də yaşayaydım, qardaşım, qandaşım İsa bəy!

Xoşbəxt idim bircə gecənin ünsiyyətindən. İnsanın həyatı ünsiyyətdən çox asılıdır: ünsiyyət var insanı xoşbəxt edər, ünsiyyət var bədbəxt edər. Ünsiyyət insanlar üçün ülfətdən, dostluqdan hörülmüş saraya bənzər, ünsiyyət əlaqənin ən yüksək formasıdır. İnsanın şəxsiyyəti, həyatın ləzzəti, sevinci, kədəri, qəmi bu ünsiyyətdən çox asılıdır.

Dünya iztirablar məskəni olsa da, həyat sevgisi, yaşamaq eşqi insan ömrünün əsas məqamlarındandır. Yaxşı insanların əhatəsində bu iztirabları unutmaq olur. İsa qardaşım da 8 saat çəkən bu məclisdə mənə hər şeyi unutdurmuşdu. Dünyada ən əziz nemətlərdən  biri elə həyatın özüdür, həyatı sevməmək diri ikən ölmək deməkdir. Sən həyatı da, insanları da çox sevərdin, yaxşılıq əməllərində, mərdlik şücaətində, kişilik qüdrətində idi, ömrün qabını zəhərlə yox, xürrəmlik balı ilə doldurmuşdun.

Mən bu məclisdə təmənnasız yaxşılıq etməyin sənin kimi kişilərin xislətində olduğunu bir daha təsdiqlədim, çünki sənin kimi insanlar yaxşılığı möhtac olmadığı insanlara edərlər. Sənin kimi mərd oğullar insana bir şey bağışladıqda ona minnət yükü qoymurlar, təmənna güdmürlər. Xalq şairi Qabilin təbirincə desək:

 

Sıfırın sıfıra nisbəti sıfır,

Halalın harama qisməti sıfır.

Qara kölgəsində təmənna yatan

Hörmətin dəyəri, qiyməti sıfır.

 

Sənin kimi insanların əqidəsində caizlik yox idi, qaynar bulaq, dağ çeşməsi, coşub-daşan çay, ürəklərə yol tapan həzinlik nəğməsi idin. şerlərin nişanlı qızların xonçasını bəzəyən nabat idi, söz vermişdin mənə lilpar bulaqların başında saz çalasan, ocaq qalayasan, nəğmə deyəsən. Daxili mədəniyyətin özünü zahiri utancaqlıqla büruzə  verirdi ki, bu da sənin əxlaqının saflığından, zatının paklığından xəbər verirdi. Daxili mədəniyyət insan üçün məzmundursa, zahiri – formadır. Məzmunla forma bir-birini təsdiqləməli, bir-birinə uyğun gəlməlidir. Sənin duruşun da, oturuşun da, yerişin də, danışığın da, gülüşün də bunu təsdiqləyirdi. Nəzakətli insan idin, rəftarınla hamıya xoş gəlirdin, hamı səni sevirdi. Əxlaqi normalardan olan sadəlik və təvazökarlıq həyatını bəzəyirdi, lovğalıq, təkəbbürlülük, şöhrətpərəstlik səndən uzaq idi.

Mərdlərə verilən gülər üzün, nurani çöhrən, isti sözün səni el içində üzüağ etmişdi, ruzunu Allah vermişdi, heyiflər olsun.....!

Sənin kimi insanlar ağlın gücündən, zəkanın nurundan mənəvi zənginlik üçün istifadə edib kamilliyə çatarlar, sən də çatmışdın. Ağıl ağılsızlığa, zəka zəkasızlığa xidmət edə bilməz, bunlar mənəvi saflığa, əxlaqi kamilliyə xidmət edir. Ulu tanrı insanı elə yaratmışdır ki, nə ağlı, nə də ağılsızlığı gizlətmək olur, nəyin varsa, göz qabağında olur. Sən ağıl, idrak sahibi idin. Sən böyüklər gələndə ayağa durub dahiləşirdin, kiçikləri görüb duranda ucalırdın. Səni dəyişmək mümkün deyildi, əqidən beləydi, çünki sən əqidənin şəklinə çevrilmişdin. İnsan üçün ən ali hökmranlıq ağlın hökmranlığıdır, sən də özünü buna tabe etmişdin. Məclislərdə üstün görünməyə çalışmazdın, bu da sənin üstünlüyün idi. El misalı var: dolu qab səs salmaz.

Gecə yarı olmuşdu, məclis davam edirdi. Səhər mən Bakıya uçmalı idim. Ona dedim: “İsa bəy, müxəmməs vaxtıdır”, güldü. O, məni təyyarə limanına gətirib, yola saldı. Mən bu mərdlər məclisindən Bakıya halallıq, paklıq, saflıq, dostluq telləri gətirdim.

O vaxtlar İsa bəy Moskvada yaşayırdı. Bakıya qayıdışından sonra mənimlə həmişə əlaqə saxlayar, tez-tez kafedraya gəlib mənə baş çəkərdi. Qoymazdı ona “Siz” deyəm, “Mən sizin kiçik qardaşınızam” deyərdi.

2002-ci ilin sonlarında yenicə çapdan çıxmış kitabını mənə hədiyyə etdi. Oxuduqca onun şer duyumuna, dilinin rəvanlığına, poetik düşüncələrinə heyran qalmışdım, ona dayanmamağı, bu işi davam etdirməyi məsləhət görürdüm. şerlərinin hər misrasında qədim yurd yerlərimizin tərənnümü, sevgilisinə ərmağan aparan qızların həyası, övladlarına bayatı oxuyan anaların laylası, öz yuvalarını axtaran quşların civiltisi, aşıqlarımızın zümzüməsi var idi. İsa Körpülü doğma kəndini, babaların qəbrini unuda bilmirdi. Gecələr yuxusuna girirdi Körpülü:

 

Qəbir də ağlayır, daş da ağlayır,

Nə vaxtdır daşlaşmış baş da ağlayır.

Məzara tökülmüş yaş da ağlayır,

Kəndimiz hər gecə yuxuma girir.

 

Körpülüdən yağı düşmən ayrı saldı səni, fələklə dil tapıb haralara getmədin, yenə ürəyin dözmədi, döndün vətənin bu başına – Bakımıza, oğuz türklərinin paytaxtına, gəldin dostların, qohumların, sevgilinin, övladlarının yanına. Elə bil ürəyinə dammışdı:

 

Fələklə dil tapıb danışmalıydım,

Mən öz qismətimlə barışmalıydım.

Vətən torpağına qarışmalıydım,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Gəldin, qarışdın vətənin torpağına.

Həyatda insan sevgisini yarını, övladlarını, nəvələrini, nəticələrini, qohumlarını, dostlarını əzizləməklə, bağrına basıb öpməklə bildirir, ömrün sonunda hamı ilə vidalaşmaq olmur, yalnız səni üstündə gəzdirən torpağı qucaqlayıb həyatdan köçürsən, şerlərin birində deyildiyi kimi:

 

Aylar ötsəydi, il də gedəsiydi,

Dünyada hər gələn bil, gedəsiydi.

 

Sən tələsdin, tez getdin dunyadan. Mənim üçün sən qeyrət, ləyaqət, dəyanət, sədaqət sahibi olan türk oğlu türk idin. Poetik duyumun, söz çeşidin kasıb deyildi, rəngarəng idi. Etiraf edək ki, şerlərində olan mübarək hisslər bizə doğma idi, əziz idi, bənövşə ətri gəlirdi onlardan.

Sən yaxşı ad qoyub getdin, yaxşı ad kişinin ibadətidir. Sənin yaxşı adın övladlarının ibadət yeri olmuşdur, onlara da can sağlığı, uzun ömür arzulayıram.

Ulu tanrıdan sənə rəhmət diləyirəm, qəbrin nurla dolsun!

 

                                                                 İbadulla Ağayev,

ATU-nun epidemiologiya

kafedrasının müdiri, əməkdar

müəllim, əməkdar elm xadimi, tibb

elmləri doktoru, professor

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏNNƏTƏMİ UYUB GETDİN

 

       Sən mənim qara baxtlı kəndimə, indi düşmən tapdağında xarabaya dönmüş Ağbulağıma gələndə 24-25 yaşlı bir gənc idin. Qardaşın Alxanla gəlmişdin. Mən onda Alxanı tanıyırdım. Mənə əziz olan Ziyadla onun sıx dostluq əlaqələri var idi. Həmin gündən etibarən səni də istiqanlı, deyib-gülən, yaraşıqlı bir gənc kimi tanıdım. Qaçqınlıq taleyimiz başlanandan sonra Bakıda səninlə vaxtaşırı görüşürdük. Sənin dadlı-duzlu söhbətlərin, şaqraq gülüşlərin, yumor qarışıqlı lətifələrin, əzbər dediyin şerlər mənə ləzzət verərdi.

       Əziz İsa, bir gün məni “Moskva” univermağının yaxınlığındakı evinə dəvət etdin. Sazlı-sözlü bir gün yaşadıq. Çaldığın saz havalarının, oxuduğun şerlərin təsiri bu gün də mənimlədir.

       Sən Həsənlə nəfəs alırdın. Onun istedadı, qabiliyyəti sənin ən uca qürur və iftixar zirvən idi. Mənim kitablarımdan birinin təqdimat mərasimində Həsənin şer deməsi öz gözəlliyi, ahəngdarlığı, cəlbediciliyi ilə hamını heyran qoydu. Onda sənin əlin-ayağın bir ata kimi yerə dəymirdi. Sonra ali məktəbə qəbulu, prezident təqaüdünə layiq görülməsi sənə sonsuz bir sevinc yaşamı vermişdi.

       2002-ci ildə çapdan çıxan “Sevməzdim dünyanı, sən olmasaydın” şerlər kitabını mənim iş yerimə gətirdiyin gün yadımdan heç vaxt çıxmaz. Sən onda nəfis şəkildə çap olunmuş bu kitabına necə sevinirdin... Mən səni həmişə həyat eşqi ilə coşub-çağlayan, yüksək mənəviyyatlı, nikbin əhval-ruhiyyəli görmüşdüm.  Bəs necə oldu ki,  əzizim, ömrün yetkin çağında sevdiyin şirin həyatdan, Həsəndən, dostlarından qəflətən ayrıldın? Sonra bu sualı özüm cavablandırıram: “Sən ayrılmazdın, amansız əcəl olmasaydı”...

         Sənə xitabən yazdığım bu yazımı bir şerlə bitirmək istəyirəm.

 

Getdin

 

Sazlı-sözlü dünyan vardı,

Ona necə qıyıb getdin?!

Vətən dərdli kitabını

Yadigarmı qoyub getdin?!

 

Qalxan etdin qeyrətini,

Bulammadın şəfqətini

Ömrün-günün firqətini

Nədənsə tez duyub getdin?!

 

Hər dönəmdə birincini,

Həsən adlı bir incini...

Bu övladın sevincini

Oymaq-oymaq yayıb getdin!

 

Arzundan gül dərə-dərə,

Təzə çələng hörə-hörə...

Sən qoşulub mələklərə

Cənnətəmi uyub getdin?!

 

Min könüldə heykəl qurdun,

Qranit qaya tək durdun.

Neçə qəlbə sən dağ vurdun.

Neçə qəlbi oyub getdin.

 

Son bahar vardı qarşında,

Gəlib çatmadı qışın da...

İnanmaram bu yaşında

Bu dünyadan doyub getdin.

 

 

                                                                                                        Eldar İsmayıl

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

KÖRPÜLÜNÜN ŞAİR OĞLU

 

Hərdən anadan olduğum doğma Körpülü kəndini düşünəndə rəngarəng duyğuların axarına düşürəm, oraya bağlı müxtəlif taleli adamların ömür-gün yolu məni maraqlandırır. Ruhuma hakim kəsilən duyğuların içərisində fəxrli-qürurlu məqamlar da var, nisgilli, qəmli-kədərli nostalgiya hissləri də tüğyan etməkdədir. Artıq neçə illərdir ki, körpülülər Sovetlər dövrünün siyasi irtica səbəblərindən könlümüzün qəm  məskəninə dönən Körpülüdən ayrı yaşayır, lakin ruhunda, duyğusunda, qəriblik yuxusunda ana yurdun-doğma vətənin cizgilərini, təbii gözəlliyini, oraya bağlı xoş xatirələrini, ayrılıq acılarını, böyük vətən sevgilərini yaşayırlar. Bu, onların mütləq həqiqəti, bir ömürlük danılmaz tale qismətidir. Bəzən deyirlər ki, bir kəndi düşünmək, onun haqqında yazmaq, danışmaq, ümumi vətən anlayışına ziyan gətirir, bölücülük, regionçuluq düşüncəsinə və s. rəvac verir. Bu, doğru deyil. Çünki “məndən başlanır vətən” deyənlərin böyük vətən idealını yaratdığı, yaşadığı hamıya bəlli həqiqətdir. O da danılmaz həqiqətdir ki, doğulduğu evin, elin-obanın, ata ocağının qədr-qiymətini bilməyənlər böyük vətənin “əcdadımızın mədfəni, övladımızın məskəni” /A.Səhhət./ olduğunu dərk edə bilməzlər. Onun varlığını, obrazını könlümüzdə yaşatmaq hər birimizin insanlıq borcudur. Hər kəsin gözündə-könlündə bir vətən sevgisi, yurd yaddaşı yaşamaqdadır. Kimidə az, kimisində çox. Bəsirəti çox olanlar daha artıq sevir, ana-ata sayır doğma vətəni. Onu yaşatmaq üçün sənətin gücünə arxalanır, müxtəlif formalar axtarır, vətənə bağlı duyğularını qorumaq, nəsildən-nəslə çatdırmaq üçün. Doğma ata yurdum, Qazaxla Loru dərəsinin bitişiyində, Ləlvar dağının ətəyində, Babəkər dağlarının qarşısında bağ-bağatlı bir mənzərədə yerləşən, füsünkar meşə zolağının ab-havasında nəfəs alan Körpülü övladlarının taleyinə bu qismət SSRİ-nin dağılmasından, Moskvada “Qordi düyünü” şeytan əməlinə çevriləndən sonra yazıldı. Yenidənqurma – demokratiya adı altında milli münaqişələr qızışdırıldı, Qərbi Azərbaycanın bir çox övladları kimi körpülülər də yurd-yuvasından perik düşdü, yurd yerinə həsrət qaldı və indi də vətəni yaddaşında yaşatmaq ağrılarını canında neçə illərdir ki gəzdirirlər..

Onlardan biri - şer kitabı haqqında danışmaq istədiyim İsa Körpülüdür. İsanı uşaqlıq illərindən yaxşı tanıyıram və neçə illərdir ki, özünü görməsəm də maraqlı şerlər yazdığını bilir, bədii istedada malik olduğuna inanıram. Onun “Sevməzdim dünyanı sən olmasaydın” adlı şerlər kitabını mənə sözün həqiqi mənasında böyük ədəbiyyat təəssübkeşi olan kiçik qardaşım Mustafa çatdırdı, “Oxu, fikrini bildir” – dedi. Oxudum. şerlərin vəzn, qafiyə, poetik təhkiyə, lirik üslub məqamlarından daha çox mövzuları, məzmun özəlliyi, mənə doğma yurd-vətən qayğısı ruhumu yerindən oyatdı. Xəyalıma doğma yurdun, ata ocağının mənzərələri rövnəq verdi və mən də İsa Körpülü kimi peşmanladım ki, dünyanın cənnət yeri olan Körpülüdən niyə ayrı düşdüm. İsa körpülülərin yurd yerini, ağrı-acılarını, qəriblik hissini təsvir etməklə məhdudlaşmır, o həm də Qərbi Azərbaycana bağlı nəsillərin ümummilli tale yaşantılarına ayna tutur, xalq tarixinin acılı-şirinli günlərinin xatirələrini çözələyir, vətənə qayıdışın saf, təmiz, doğru, diri yaddaş körpüsündən keçdiyini, əxlaqi-mənəvi kamillikdən güc aldığını bildirir və həmin ucalıqdan soydaşlarına, yurddaşlarına söyləyir ki,

 

Mənim bu qınaqdan ruhum da doyub

İy salıb gözümün kökünü oyub.

Babamın izini dağlarda qoyub,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Kimsəsiz, bir qərib tərlan olaydım,

Uca zirvələrdə yuva salaydım,

Çisgində qalaydım, çəndə qalaydım,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Elimin, obamın başına dönüb,

Xarı bülbüllərin yasına dönüb,

Gölün çınqılına, daşına dönüb,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Haça qayalarda  bir daş olaydım,

Çiskinə, çisəyə sirdaş olaydım,

Şahinə, qartala qardaş olaydım,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Fələklə dil tapıb, danışmalıydım,

Mən öz qismətimlə barışmalıydım,

Vətən, torpağına qarışmalıydım,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Zülmət gecələri çıraqsız qoyub,

Atamın yurdunu ocaqsız qoyub,

Kəmənd qayaları İsasız qoyub,

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

İsanın şerlərində klassizmə güclü meyl olduğundan, poetik obrazlar onun düşüncə dövriyyəsində mükəmməlliyi, tamlığı ilə görünür. Fərdi-psixoloji cizgiləri ilə diqqəti cəlb edir, təbiət mənzərələri ayrı-ayrı poetik vahidin-toponomik faktın bədii təqdimatına meydan açır, beləliklə də Körpülüyə bağlı həqiqətlər, ümumiyyətlə, böyük, bütöv Azərbaycana aid gerçəklər kimi təsvir, təhlil və təbliğ olunur, milli yaddaş salnaməmizin xiffət, ayrılıq, intizar, qəriblik, iztirab dolu səhifələri kimi oxunur. „A durna“ şeri dediklərimin parlaq sübutudur.

 

İncə dərəsindən uç, səfər eylə,

Şəhla bulaqlardan iç, səfər eylə,

Bizim Körpülüdən keç, səfər eylə,

Qocaman çinara, qoca Ləlvərə

Salam yetir, salam gətir, a durna.

 

Ləmbəliyə, Yel dağına dəy, qayıt,

Keç Ayrımdan, Göy dağına dəy, qayıt,

Get, Kərəmin gül bağına dəy, qayıt,

Didərgin ellərə, yetim yerlərə

Salam yetir, salam gətir, a durna.

 

Çəkiblər divana, yoxdur günahım,

Yandırır göylərdə fələyi ahım,

Sizə qalıb təkcə mənim pənahım,

Piri bulağına, sona göllərə

Salam yetir, salam gətir, a durna.

 

Dağlar da yaralı, mən də yaralı,

Nə müddətdir mən dağlardan aralı,

Ürəyim paralı, könlüm paralı,

Dərdim yasa, yas qarışıb ellərə,

Salam yetir, salam gətir, a durna.

 

Səs-səmirin qayalarda qaynasın,

Sədaları zirvələrdə oynasın,

Qoy səsindən xatirələr oyansın,

Dumanlara, çiskinlərə, çənlərə

Salam yetir, salam gətir, a durna.

 

Əhval eylə bircə şirin diliynən,

Gözləyəcəm, desən neçə iliynən,

Qayıdanda biz tərəfdən gəliynən,

Gədiklərə, yamaclara, çöllərə

Salam yetir, salam gətir, a durna.

 

İsa şerlərində milli yaddaşın arxetipini sadəcə qorumur, ona müasir cizgilər əlavə edir, klassik bədii düşüncənin - saz şeri, divan ədəbiyyatının ideya-estetik prinsiplərini təqlid, təkrar etmir, eyni zamanda çağdaş zamanın ritm, intonasiya axarında lirik parçalar söyləyir, özünün və müasirlərinin yaşantılarını xalq həyatının və milli-ictimai tarixin uzaq və yaxın gerçəkləri ilə vahid müstəvidə təsvirə müvəffəq olur. Onun lirik düşüncələri genetik imkanlara arxalanır, bütün potensial gücü ilə müasir ictimai-siyasi hadisə və faktların təhlilinə meydan açır. Buna inanmaq üçün eyni faciələri dünən və bu gün eyni ilə yaşayan bir xalqın övladı olduğumuzu xatırlamaq yetərlidir. 1918-1920-ci illərə bağlı tarixi hadisələrin XX əsrin sonlarında erməni təcavüzkarlığı ilə yenidən təkrarlandığını, yeni faciələr silsiləsi yaratdığını xatırlamaq yetərlidir. Bəlkə elə buna görədir ki, 1915-ci ildə H.N.Bəsirin «Qurtuluş» jurnalında

 

Ay obalar, evlər, hündür eyvanlar,

Hankı əllər sizi yakdı, yandırdı?

 və yaxud

Ay çəmənlər, çöllər, dağlar, qayalar,

Hanı sizdə bitən güllər, nanələr?

 

- deyə söylədiyi vətəndaşlıq  nidası XX əsrin sonunda Körpülü şair İsanın şerlərində yeni ahənglə yox, yeni məzmunla ifadə olunur. Şairin «Gecikmirikmi?!» nidası ümumxalq iztirablarından yoğrulur, yurd yerinə, ata ocağının istisinə darıxan şairin-vətəndaşın kimlik göstəricisinə çevrilir. Buyurun, tanış olun.

 

Ay ormanlar, ay obalar, ay ellər,

İntiqam almağa gecikmirikmi?

Ay soltanlar, ay igidlər, ay ərlər,

Qələbə çalmağa gecikmirikmi?

 

Ya biri, ya beşi, onu olmalı,

Çılpaq oyunların donu olmalı

Bu “sülh”ün axırı, sonu olmalı,

Dərk edib, qanmağa gecikmirikmi?

 

İnan, ayılmasaq ayılmaz qədər,

Bu qədər batırdıq, itirdik yetər,

Çoxdu günahımız günahdan betər,

Can verib, yumağa gecikmirikmi?

 

 

Ağlamaqdan nənələrim kor olmuş,

Gözləməkdən babalarım yorulmuş,

Külə dönüb, külü göyə sovrulmuş,

Ocağı çatmağa gecikmirikmi?

 

Yuxular donubdur bəbəklərimdə,

Yaş daşa dönübdür kipriklərimdə,

Murov dağlarının ətəklərində

Biz səcdə qılmağa gecikmirikmi?

 

Qarı düşmən amansızdır, yağıdır,

Bu, qeyrət dağıdır, namus dağıdır,

Qalx ayağa, indi  vuruş çağıdır,

Zəfərə çatmağa gecikmirikmi?

 

Qəm oynaşır bulaqların gözündə,

Nur sönübdür anaların üzündə,

İsmətin adına Cıdır düzündə,

Minarə qurmağa gecikmirikmi?

 

Qan ağlayır, dağlar ahu-zardadır,

Vidadimiz, Vaqifimiz dardadır,

Axbarlarda abır-həya hardadır?

Anıb, anlamağa gecikmirikmi?

 

Ədəbiyyata könül verən qəriblər, qürbət acısını yaşayanlar klassik poetik obrazlara zaman-zaman üz tutub, xalq yaddaşının gücünə arxalanıb, həmişə ümummilli düşüncənin daşıyıcısına çevriliblər. Yurdda da belə olub, yurddan kənarda da. Dərdini qərib ellərə köç eyləyən durnaya, durna qatarına, tikan kolu dibindəki boynu bükük bənövşəyə, al-qırmızı laləyə, gözüyaşlı nərgizə… söyləyib ustad sənətkarlarımız, ulu ozanlarımız, dərdli dədələrimiz. Klassik yazılı divan ədəbiyyatında da Qurbani, Tufarqanlı Abbas, Aşıq Qərib, Dədə Ələsgər və başqalarının yaradıcılığında da belə qorunub yurd yaddaşı, milli ruhun bütövlüyü. Yurd itirən, dərdi, qəm-qüssəsi başından aşan, ruhu təklik ümmanında dolaşan İsa Körpülünün dedikləri bizi onun kədərli dünyası ilə tanış edir.

 

Nə teylənib bu yollarda qalmısan,

Düşmüsən borana, çənəmi durna?

Bəlkə yorulmusan, qanad salmısan

Yoxsa yaralısan səndəmi, durna?

 

Verməzdim bir kəsə - verilən deyil,

Dərməzdim çiçək tək - dərilən deyil,

Sərməzdim heç yerə - sərilən deyil,

Neyləyim bu qədər mən qəmi, durna?

 

Çox suallı, çox soraqlı qalmışam,

Dərdim çoxdur, sinəm dağlı qalmışam,

Mən çoxdan qolları bağlı qalmışam,

Sən olma İsanın həmdəmi durna.

 

Onun ilk “mən”ində yaşayan həqiqətlər pafos yaratmır, şüar söyləməyə imkan vermir, kül altdakı köz kimi xısın-xısın yandırır, taleyinə, ömür-gün xatirələrinə bağlı həyat faktlarını vəsf etdirir, dərdi dilləndirir qoca-uca Körpülünün şair oğlunu. Bəli, vəsf etdirir, tərənnüm etdirmir, fərəhdən söylətmir, dərd bükülü alın yazısının səhifələrini qəm-kədərlə yükləyir. Yurduna, kəndinə, nəsil-nəcabətinə bağlı şair el-oba yanğısıyla xalqının başına gətirilən müsibətlərlə qovrulur, milli faciələrin, uğursuzluğun girdabında əzilənlərin ağrılarını qələmə alır.

Körpülülər, Körpülünü və körpülüləri tanıyanlar yaxşı bilir ki, bu oba və onun övladları üç Qafqaz respublikasının bitişiyində yerləşdiyindən və yaşadığından əlaqələri geniş olub, üç respublikanın son illərdəki inkişaf xüsusiyyətləri burada əksini göstərmişdir. Əhalinin iqtisadi həyatında, mədəni davranışında özünü göstərən özəlliklər onun qonşulara və dünyaya bağlantılarını şərtləndirir. Körpülünün ən yaxın, doğma ocaqları bir yandan Borçalı /Gürcüstan/ Sadaxlısı, Qaçağan, Qasımlı, Təkəli kəndləri, Ləlvar ətəyi kəndlər, bir yandan Qazax mahalının İncə dərəsi kəndləri idisə, digər yandan ocağını baş-başa çatdığı, qohum-əqrabalı məşhur Ləmbəli kəndi idi və bu iki kəndin adamları, demək olar ki, eyni havanı udub, eyni sudan içib, eyni cür yaşayıb, yaradıb, dünyanı eyni cür dərk edib, bir ailənin uşaqları kimi tanınıblar.

Odur ki, xoş xatirələri də, ömür-gün yaşayışları da birdir, faciələri də, kədər, qəm-qüssə dolu könül çırpıntıları da. Körpülünün şair oğlu İsa Körpülü həmin məqamı həssaslıqla təsvir edir, həmvətənlərinin taleyinə yazılanların bədii mənzərəsini məharətlə qələmə alır. O deyir:

 

Sən dağlar qoynunda pərişan bir el,

Mən sənsiz kül olmuş qoram, Ləmbəli.

Bağrım şana-şana, ürəyim tel-tel,

Simləyib içimdə yaram, Ləmbəli.

 

 

Harda eşidilib, harda görünüb,

Bəxtim inciyibdir, qismətim dönüb,

Könlümün ocağı, alovu sönüb,

Qalıb pərvanəsiz çıram, Ləmbəli.

 

Fələk verdiyini əlimdən alıb,

Başıma bir yekə qara daş salıb,

Harayım, həşirim içimdə qalıb,

Mizrabı qırılmış taram, Ləmbəli.

 

Arzular, istəklər qaldı gözümdə,

Qurtardı sinəmdə səbr, dözüm də,

Ləlvərin döşündə, Tebet düzündə,

Qoymadı illəri yoram, Ləmbəli.

 

Payızda durnalar ötəndən sonra,

Uçub dumanlarda itəndən sonra,

İsanın da ömrü bitəndən sonra,

Deyən olacaqmı varam, Ləmbəli.

 

İsa şerlərində aşıq və xalq şeri formalarının qoşma, gəraylı, bayatı və s. elementlərindən istifadə etsə də, sərbəst davranır, ənənəvilikdən müasir mövzu və məzmun ifadəsi səbəblərindən uzaqlaşır, yeni poetik təhkiyə və üslubla /bəzən qarışıq, anlaşılmaz ifadə məqamları olsa da/ ortaya çıxır, ən vacibi isə dediyi sözün səmimiyyəti, doğruluğu, düzgünlüyü ilə yadda qalır. Subyektiv hisslər daşıyıcısı olan şair üçün bundan uğurlu keyfiyyətin olması çətin ki, iddia edilsin. İsanın mövzuları içərisində satira nümunələri və məhəbbət şerləri bunu daha aydın şəkildə təsdiqləməkdədir. Satiraları ciddi sosial-siyasi sarkazmlar səviyyəsinə yüksəlməsə də, müasir ictimai-tarixi məzmunu ilə yadda qalır. Məhəbbət şerləri isə öz lirizmi ilə yeni fikirlər və obrazlar silsiləsini sərgiləyir, oxucusunu sənətin, sözün sehrində saxlaya bilir. Oxuyan inanır və inandırmağı məqsəd bilir ki,

 

Aşiq olan - ahusundan,

Sevən - sevgi dünyasından,

Dəli bülbül - sevdasından

Mən heç səndən küsərəmmi?

 

- fikri səmimiyyətlə söylənib.

Oxucu inanır, inandırmağı məqsəd bilir ki, sevgi, eşq, məhəbbət sevdası insanın başıucalığı, ömrünün mənası, millətin əxlaqi - mənəvi dəyərlər kompleksini özündə əks etdirən tale körpüsüdür. Ümummilli ənənələrə əməl edərək yaşamaq, “beşikdən məzara qədər” ki tale körpüsünü uğurla keçmək üçün sabit-qədəm olmaq hər zaman vacibdir. Yazıqlar olsun ki, bu yolda uğurla, xoş günlərlə yanaşı, faciə də, gizli çəkilən dərd də, hicran da, ayrılıq da, kədər də və daha başqa, dürlü-dürlü psixoloji yaşantılar da var. İsa şerlərində həmin məqamlara aydınlıq gətirməyə çalışır və klassik formada olsa da, müasir məzmun ifadə edir. O deyir:

 

Gedirsən, yaxşı yol, uğurlar olsun,

Çıxart ürəyindən, sil məni qaytar.

Mələklər köməyin, tanrı yar olsun,

Hələ qınamamış el məni, qaytar,

Çıxart ürəyindən, sil məni, qaytar.

 

Ömrün xəzan oldu köklü-budaqlı,

Qoy olsun eşqimiz sirli-soraqlı,

Vücudu yaralı, sinəsi dağlı,

Əhvalı pərişan laləni qaytar,

Çıxart ürəyindən, sil məni, qaytar.

 

Qəlbimdə doğulub, qəlbimdə ölmüş,

Çoxdan dodağımda yox olub gülüş,

Könlümdən ruh alıb dillərə düşmüş,

Pərilər oxuyan nəğməni qaytar,

Çıxart ürəyindən, sil məni, qaytar.

 

Qızılgül qoxulu, nərgiz ətirli,

Bənövşə ləçəkli, zambaq çətirli,

Məhəbbət naxışlı, sevda sətirli,

Mən sənə dediyim kəlməni qaytar,

Çıxart ürəyindən, sil məni, qaytar.

 

Duaçın olaram alqışlarımla,

İsanı əritmə baxışlarınla,

Şamın işığında göz yaşlarımla

Gecələr yazdığım naməni qaytar

Çıxart ürəyindən, sil məni, qaytar.

 

Körpülü haqqında mən də şer və məqalələr yazmışam, İsa da. Daha neçə-neçə əli qələm tutan yazır və yazacaq. Çünki hər kəsin öz yaddaş haqqı, tale payı var. Ən yaxşısı və sevindiricisi mənim üçün odur ki, Körpülüdən pərvazlanan yazarları sözün tam mənasında böyük cəsarətlə Azərbaycan oxucusuna, elmi-ictimai fikrinə təqdim etmək mümkündür. Tək Körpülüdən deyil, daha başqa mövzulardan yazır körpülülər və hər bir yazarın borcudur ki, öz kəndindən, öz taleyindən və başqa mövzulardan yazsın. Vacib olan odur ki, istedadla, səmimiyyətlə və doğru-düzgün həqiqəti yazsınlar. İsa Körpülünün şerləri əsasən bu üçlü keyfiyyəti özündə birləşdirir və bu, həmin imzanın böyük ədəbi nüfuz qazanmasına xidmət edəcək.

 

Şamil Vəliyev

        filologiya elmləri doktoru,

             professor

                                                           (Yeni Azərbaycan qəzeti, 3 avqust 2003-cü il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YURDUN YANAN PƏRVANƏSI

(Səni yada salan var!)

                                             

                                              Yuvam qərib, yurdum qərib,

                                              Alışmışam, odum qərib;

                                              Ürək yanıb, can közərib, -

                                              Məni yada salan varmı?

 

- deyən şair İsa Körpülünün yana-yana yazdığı kövrək, sanki sabaha ünvanlanan misraları mənə hələ öz sağlığında, ölümqabağı mahnılar oxuyan qu quşunun nəğməsini xatırlatdı.

Məclislərdə, dost yığnağında danışmağı çox da xoşlamazdı İsa. Əslində, o, öz sözünü sakitcə ürəyində misraların qanadına yükləyib ağ vərəqlərə köçürərdi. 50 yaşını təzəcə haqlamış İsa, mənim aləmimdə təpədən dırnağa həssas ürəkli bir şair idi. Lakin amansız və qəfil ölüm bu qeyrətli, dostcanlı, yurdsevər Vətən oğlunun arzu, istəklərini yarımçıq qoydu.

İsanın 2002-ci ildə nəşr olunmuş “Sevməzdim dünyanı sən olmasaydın” adlı şerlər kitabında toplanmış poetik yadigarlarını axtarıb tapdım. Onları oxuduqca bir təskinlik tapdım. Üç oğlu - Eltonu, Həsəni, Kərəmi, bir də adını çəkdiyim şerlər kitabı ata, şair İsanın Azərbaycanımıza ən böyük əmanəti, yadigarı kimi qalıb. İsanı həmişə yada salmağa, söz deməyə dəyər. Çünki onun özü dəyərli bir ziyalı, şair, vətəndaş, qayğıkeş ataydı. O, bir şerində yazırdı:

 

                                      Naləm qalxıb yenə zilə,

                                      Göz yaşlarım gilə-gilə,

                                      Dönüb yaralı bülbülə,

                                      Qona-qona gedirəm mən.

 

İsanı uzaqdan görüb, boy-buxununa həsədlə baxanlar onun içində nələr çəkdiyindən bəlkə də xəbərsiz idilər. O, özünün ölüm rekviyemini hələ sağlığında yazmışdı. İsa gənc yaşlarından bu gözəl dünyanın gözlərində solacağını bilirdi. Kövrək, həssas şair duyğularının qanadlarında şairlik atının yalmanına yatıb ürəyini çırağa döndərmişdi.

Açığını deyim ki, İsanı dünyanın min cür naz-nemətinə uymayan, təbiətin, aşıq sənətinin, folklorumuzun sehr-cazibəsindən doymayan nəcib bir insan, dost,  şair kimi tanımışam və məndə belə bir fikir yaranmışdı ki, İsanın “Körpülü” təxəllüsünü daşımağa tam mənəvi haqqı çatır. Ona görə ki, onun irili-xırdalı hər şerində peşəkar, əsl yurd yanğılı bir şair - vətəndaşın təəssübkeşliyi və fitri istedadı var idi.

 

                                      Dövr etdi, hərləndi, gün aya döndü,

                                      Çıxdı öz oxundan bir yaya döndü,

                                      İsa da ümmanda sədaya döndü,

                                      İllərmi tələsdi, mənmi tələsdim?

 

- deyən İsa Körpülünün şerlərini bir daha yenidən oxuduqca mənə elə gəldi ki, o, şerlərində özünün incə ruhlu şair obrazını yaratmış, el-oba, Vətən sevgisi ilə yoğrulmuş doğma yurd yerlərimizin, dünyalar qədər sevdiyi Rübabəsinin lirik portretini çəkib, ləyaqətli sənət adamı olduğunu sübuta yetirmişdir.

İsanın “Sevməzdim dünyanı sən olmasaydın” adlı sənət toplusunu  vərəqlədikcə düşüncələrimin məcrasına işıq tutan gözəl poetik təsvirlərə, ifadələrə rast gələndə onun müəllifinə min alqış dedim. Onun hər şerinin içində keçdiyi cavan ömür yolunda rastlaşdığı elə məqamların, elə hadisələrin ümumiləşdirilmiş poetik cizgiləri var ki, onu dönə-dönə oxuyur və ifadə etdiyi həqiqətlərin mənasına dalırsan.

 

                                      Şeytanın əməli, felin kələyi,

                                      Mənim başımdamı çatlamalıydı?

                                      Zalımın zopası, zülmün kötəyi,

                                      Mənim başımdamı çatlamalıydı?

 

                                      Namərddə axtarma gəl, abır, həya,

                                      Fitnəsi, fəsadı gəlməz ki, saya.

                                      İldırım vurmayan sıldırım qaya,

                                      Mənim başımdamı çatlamalıydı?

 

Doğrusu, bu yazımda İ.Körpülünün Azərbaycanımıza, ədəbi mühitimizə yadigar qoyduğu, adını çəkdiyim şerlər kitabını təhlil, yaxud təbliğ etmək fikrində deyiləm. Sadəcə, İsanın bir insan olaraq 50 illik ömründə-günündə püxtələşmiş şair qələmi və qəlbi ilə yazdığı şerləri sözsevər oxucu kimi məni bir daha duyğulandırdı. Və onun ədəbiyyatımıza, poeziyamıza aşıq şeri üstündə çox gözəl, ruhani ornamentlər gətirdiyinə heyranlığımı gizlədə bilmədim. Lakin şairin qəfil ölümündən gələn ağrılara sarılıb, sadəcə, xatırlama yazmaqla təskinlik tapmaq istədim.

İsalı düşüncələr onu tanıyanlar üçün qiymətli və əzizdir. Amma neyləmək olar, bu həyat, bu ömür heç kim üçün əbədi pay, yaxud peşkəş verilməyibdir. Söhbət bu ömrü necə yaşamaqdan gedir, söhbət bu dünyada tanıdığın, tanımadığın insanlarda özün, əməlin haqqında yaratdığın, gördüyün xeyirxah işlərdən gedir.

 

 

Yenə hardansa İsa Körpülünün yanıqlı şerini eşidirəm:

 

                                Viranədir, obam yoxdur, yurdum yox,

                                Sazım sınıq, kamançam yox, udum yox,

                                Mən yanıram, alovum yox, odum yox

                                İsa yanan pərvanəmi, desinlər.

 

         Bəli, uzaq Körpülüdən - Qərbi Azərbaycandan didərgin düşmüş bir şair oğlumuz Vətən dərdinin, ağrı acısının pərvanəlik ömrünü yaşaya-yaşaya ürəyindən yandı. Amma uca Allahımıza şükr etdik ki, İsa qardaşımız “Sevməzdim dünyanı sən olmasaydın” adlı şerlər kitabına inci kimi düzülmüş yanıqlı, odlu misraları şair harayı ilə ürəyimizdə qalıb.

 

 

                                                                           Şahin Xəlilli,

                                                                           filologiya elmləri doktoru,

                                                                           professor

                                                                           (Ədəbiyyat qəzeti, 27 iyul 2007-ci il)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

şer DƏ BİR ÖMÜRDÜR

 

         Söz sənəti, musiqi insanın fərdi duyğularının, arzu və xəyallarının, mənəviyyatının, ruhlar aləminin, həm də cismani varlığının göstəricisidir. Xalqımıza şair xalq desələr də, bizdə şerə, sənətə böyük qiymət verilsə də, bir həqiqət də var ki, hər kəs şer yaza bilmir, düşüncələrini, sevinc və kədərini şer və musiqi dili ilə ifadə edə bilmir. Ona görə deyirlər ki, şairlik Allah vergisidir, tanrıdan gələn nemətdir. İnsanı yaşadan da, var edən də sözdür. İnsan cismani varlıq kimi torpağın, yerin yetirməsidirsə, mənəvi varlıq kimi göylərindir. Ona görə də, dünyasını dəyişəndə cismi yerlə, ruhu göylə birləşir. Söz, musiqi, duyğudandır, ruhdandır. İnsanın cismi yerə qovuşanda cismani həyatı tamamlanır, ruhu isə yaşayır: şair sözdə, bəstəkar musiqidə yaşadığı kimi.

          Bu sözləri təsadüfən söyləmirəm. Sağlığında şəxsən tanıdığım, sonra qəfil ölümün bizdən ayırdığı ürəyi sözlü, sinəsi sazlı bir ömür yaşayan İsa Körpülü haqqında düşüncələrimi cəm edərkən bu duyğularım dilə gəldi.

         Mən İsanı uşaqlıq illərində, orta məktəb şagirdi olduğu vaxtlarda görmüşdüm. Gözlərindəki qaynarlıq, həyata nikbin baxış, ətrafa və hadisələrə ayıq münasibət onu yaşıdlarından kəskin şəkildə fərqləndirirdi. Tarixə, ədəbiyyata həvəs göstərirdi və özündən böyüklərə ağıllı suallar verməklə çox şey öyrənmək istəyirdi. Bəlkə də onun həyatı öyrənməkdə, dünyanı dərk etməkdə, həyat yolunu müəyyənləşdirməkdə ona yardım edən bu qaynarlığı və doğma nəsillərinin görkəmli ağsaqqalları, onların el arasında söylənilən igidlikləri, mərdlikləri olmuşdur. Xalqımızın taleyi ilə bağlı mürəkkəb dövrlərdə, rus işğalları, erməni çaxnaşmaları, qaçaq-quldur basqınları zamanı İsanın babaları mübariz mövqe tutmuş, düşmənə qarşı barışmaz olmuşdular. Qaçaq Kərəmin inandığı və yeri gələndə arxalandığı Alpaşa oğulları, nəslini Gəncə-Qazax, Lori-Borçalı zonasında da yaxşı tanıyırdılar. Bu nəsildə yalnız igidlər, hünərli, qeyrətli qadınlar deyil, həm də sazlı-sözlü adamlar da yetişmişdi. İsa onların həyat tarixçələrini, öyüdlərini həvəslə dinləmiş və bunlarla öyünə-öyünə yaşa dolmuşdu.

         İlk gənclik illərindən sonra mən İsa ilə görüşmədim. Yollarımız ayrı düşdü. Onun isə sorağı gah Rusiyadan, gah da ölkəmizin ayrı-ayrı yerlərindən gəlirdi. Tale bizi bir də otuz il sonra görüşdürdü. İsa şer kitabını çapa hazırlamışdı və rəy bildirmək üçün mənə müraciət etmişdi. şerləri gözlənilməz halda çox xoşuma gəldi. Adi, həvəskar şerlərindən xeyli yüksəkdə duran, maraqlı bənzətmələri, uyarlı qayələri və özünəməxsus poetik fikirləri diqqətimi cəlb elədi. Əsərlərinin xeyli hissəsi mətbuatda dərc olunmuşdu. Kitaba ön söz kimi bir balaca mətn hazırladıq. Həmin mətndə aşağıdakı cümlələrlə onu təqdim etdik:

         «İsa Körpülü təxəllüsü ilə şerlərini imzalayan İsa Həsən oğlu Mansurov XX əsrin əvvəlindəki keşməkeşli illərdə Ermənistanda - sonradan Noyemberyan adlanan rayonda qalmış Azərbaycan torpağı Yuxarı Körpülüdə 1956-cı ildə anadan olmuşdur. 1977-ci ildə Bakıda Mədəni-Maarif Texnikumunu bitirmişdir. 1978-88-ci illərdə Yuxarı Körpülü kəndində mədəniyyət evinin müdiri işləmiş, eyni zamanda texniki-peşə məktəbində etika və estetikadan dərs demişdir. 1988-ci ildə azərbaycanlıların Ermənistandan son deportasiyası zamanı ailəsi ilə Bakıya köçmüşdür. 1992-ci ildə İncəsənət Universitetinin Mədəni-maarif fakültəsini bitirmişdir. Dövlət Statistika Komitəsində işləmiş, sonra Gənclər və İdman Nazirliyi sisteminə keçmişdir.

Azərbaycan və rus dillərində dövrü mətbuatda şerləri dərc olunur. Onun şerləri ilk növbədə səmimiliyi ilə seçilir və əsasən bir-birilə sıx əlaqəli olan Vətən və məhəbbət mövzularındadır». Ancaq İsanın qaynar qəlbi, aşıb-daşan və danışdıqca kükrəyən odlu-alovlu fikirləri bu qısa təqdimatda görünmürdü. Onu bütövlükdə görmək, təsəvvür etmək üçün bəlkə bu şerlər də azlıq edir.

İsa Körpülü üçün Vətən öz füsunkar gözəlliyi ilə insanı heyran edən Yuxarı Körpülü kəndindən başlayır, sonra Qazaxdan keçərək bütöv Azərbaycanı əhatə edir. O, öz şerlərində itirilmiş torpaqlar üçün ağlamır, qəribsəyir (“Kəndimiz hər gecə yuxuma girir”), öz yurdunun yadlara qalmasından peşimançılıq hissi keçirir (“Mən niyə gəldim”). Qaçqınlığın ağır faciələri başqaları kimi onu da ev-eşiyindən, yurd-yuvasından ayrılmağa məcbur etsə də, o, yenə özünü qınayır, bunun bir səbəbini də məhz özündə axtarır.

İsa bu faciənin ağrılı, ən zəif yerimiz olan unutqanlığımızı qamçılayır. Qarabağ müharibəsi qəhrəmanları ilə fəxr edir və Qələbə gününə gedən yolun uzandığından narahat olur, insanları mübarizəyə çağırır. “Gecikmirikmi” şerində dediyi kimi:

 

Qarı düşmən amansızdır, yağıdır,

Bu qeyrət dağıdır, namus dağıdır,

Qalx ayağa, indi vuruş çağıdır,

Zəfərə çatmağa gecikmirikmi?

 

Şairin Qarabağa aid şerlərinin bəzən bir bəndində bütöv Azərbaycan təsvir olunur:

 

Bakı ürəyimdir, Gəncə canımdır,

Naxçıvan şöhrətim, Qazax şanımdır,

Dəli Kür, Xan Araz şah damarımdır,

Başımın pərvəri Qarabağımdı.

 

Onun Vətənə, torpağa, elə, obaya məhəbbəti çox vaxt ata-anaya, bacı-qardaşa, Vətən övladlarına məhəbbətilə çulğalaşır.

İsa Körpülünün lirik şerləri də öz səmimiliyi, dilinin axıcılığı ilə seçilir, onlarda qarşılıqlı sevgi, qarşılıqlı məhəbbət vəsf edilir:

 

Nizamidən, Füzulidən soruşun,

Ya Məcnundan, ya Leylidən soruşun,

Eşq əlindən gileylidən soruşun,

Birtərəfli sevgimi var, eşqmi var?

 

O, yaşa dolanda da öz nikbinliyini, həyata böyük heyranlıq və məhəbbət duyğularını qoruyub saxlayır, dünyanı bütün ağrı-acıları ilə yanaşı, gündən-günə gözəlləşən görür. “Mən qocalanda” şerində yazır:

 

Aylar dolanmışam, illər keçmişəm,

Gah nəfəs dərmişəm, gah tələsmişəm,

Bilməm tez gəlmişəm, ya gecikmişəm,

Dünya gözəlləşdi mən qocalanda.

 

İsanın şerdən, ədəbiyyatdan nə isə umacağı, iddiası, böyük bir istəyi yox idi. Həyatda gözütox olduğu kimi, yazdığı şerdə də, çaldığı sazda da o öz ruhunu, duyğularını dilə gətirirdi. İsa üçün dünyanın ən qiymətli yeri, ən gözəl məkanı doğulduğu Körpülü kəndi idi. Doğma kəndinə bu qədər bağlı olan, orada özünün əbədi həyat dünyasını tapan ikinci adama rast gəlməmişəm. O kəndin adi adamı, hətta bəzən daşı, torpağı, ağacı, çiçəyi, kəpənəyi olub kənddə qalmaq istəyirdi. Ona görə də əhali deportasiya olunandan sonra qəlbini göynədən torpaq, vətən həsrəti onu daha çox yandırırdı və şerlərində də bunu dilə gətirirdi.

İsanın şerlərində kənd həsrəti qaçqınlıqdan əvvəl də var idi. Lakin sonra bu, daha güclü, daha yandırıcı oldu. “Ay lələ, öz kəndimizdə bağban olmaq, şöytəli becərmək, qoyun-quzu otarmaq qədər böyük, gözəl arzum olmayıb. Hayıf döyül kəndimiz”.

İsa bunu oxuduğu nəğmələrində, çaldığı sazda, yazdığı şerlərində, apardığı məclislərdə dönə-dönə söyləyirdi. İsanın kəndə, doğma yurda qayıdış çağırışları bu gün də xalq arasında səslənir. Yurd yerlərindən qovulan, qaçqına çevrilən insanların vətənə böyük qayıdışı bizi haraylayan baba-nənə qəbirləri, evlər, məktəblər, kitabxanalar, bizi kökümüzə aparan cığırlar, yaddaşlarda izi qalan bayatılar, dastanlar, nağıllar indi daha böyük, daha yanıqlı bir səslə bizi o yerlərə çağırır. İsa çağırır, İsa haray qoparır: yurda sahib olmağa, oğuz ellərinə yiyə durmağa səsləyir hamını.

 

Ayrılıq əbədi qəmdi, kədərdi,

Bu boyda zilləti könlümə sərdi,

Bu qoca dünyanın sağalmaz dərdi,

Mənim başımdamı, çatlamalıydı?

 

Neyləsin bu vücud, neyləsin bu baş?

Daha dözümüm yox, ay İsa qardaş!

Fələyin sındıra bilmədiyi daş

Mənim başımdamı çatlamalıydı?

 

İsanın “Mən niyə gəldim?” şeri bu baxımdan daha təsirlidir...

 

Elimin, obamın başına dönüb,

Xarı bülbülümün yaşına dönüb,

Çölün çınqılına, daşına dönüb

Gərək gəlməyəydim, mən niyə gəldim?

 

Gəlməmək mümkün idimi? Yox! Amma İsa bu gəlişə, bu deportasiyaya öz qəlbinin etirazını bu cür bildirir. Vətəndən, doğma torpaqdan ayrı yaşamaq insan yaşaması deyil. Elə isə, daşa, torpağa dönüb öz yurdunda yaşamaq daha yaxşı deyilmi? Vətənsiz, el-obasız ah-zar etmək İsanı yaxıb-yandırır. O, bir vətən, doğma ocaq aşiqi kimi yanır, qovrulur və duyğusunu bu misralarla ifadə edir:

 

Məcnunun ah-zarı eşqin səsiydi,

Kərəmi yandıran eşq nəfəsiydi.

İsa da Körpülü pərvanəsiydi,

Onu da çırağa həsrət qoymusan.

 

İsa həsrəti ümumiləşdirir. Bir kəndə, bir ocağa həsrətin böyük vətən, millət həsrəti olduğunu sübut edir. “O kənd mənim ilk beşiyim, ilk sevincim, ilk eşqim, ata-ana xatirələrimdirsə, onlar da bütovlükdə mənim dünyamdır və mən bu dünyamı itirmişəm”. İsanı göynədən məhz bu itkidir.

Aylar ötüb, illər keçəcək. İsanın itkisi, göynərtisi ürəklərdən silinməyəcək. Nə qədər ki, İrəvan torpaqlarına – Körpülüyə qayıtmamışıq, nə qədər ki, orada otumuz yad ayağı altında əzilir, itimiz ocağımıza keşik çəkmir, nə qədər ki, orada atımız kişnəmir, İsanın ruhu daim narahat olacaq və oraya qayıtmayanları, qayıtmaq istəməyənləri, buna çalışmayanları, bu yolda iş görməyənləri bağışlamayacaq. İsanın daim oyaq və işıqlı ruhu, İsanı yaşadan ruhu belə deyir.

 

                                                                    İsmayıl Vəliyev,

                                                                    filologiya elmləri doktoru,

                                                                    professor

Körpülünün pərvanəsi İsa Körpülü

 

Bir neçə gün bundan əvvəl yaxın qonşum və istəkli dostum olan Alxan müəllimlə rastlaşdıq. Hal-əhvallaşdıqdan sonra: - İsanın şerlərini toplayıb, nəşr etdirmək istəyirəm. İstəyirsiniz Siz də həmin yazılara bir göz gəzdirin - dedi və həmin şerlər toplusunu mənə verdi.

Toplunu alıb, vərəqlədim və təsadüfi gözə sataşan bir-neçə şer oxudum, ilk andan həmin şerlər məni əməlli-başlı ovsunladı. şerlər və müəllifə böyük maraq yarandı. Ona görə də Alxan müəllimdən xahiş edib, qovluğu aldım.

İlk səhifələrdəki yazılardan aydın oldu ki, İsa Alxanın qardaşıdır. Alxan müəllimə zəng eləyib, əlavə məlumatlar almaq istədim.

- İsa mənim qardaşımdı. Qərbi Azərbaycanın ermənilər tərəfindən dəyişdirilərək, Noyemberyan adlandırılmış Şınıx rayonunun Körpülü kəndində anadan olmuşuq. Doğma kəndimizin adını özünə təxəllüs götürən İsa gənc yaşlarından şer yazmağa başlamışdı. 1988-ci ildə bütün Qərbi Azərbaycanlıların başına gələn fəlakətlər bizim də başımıza gəldi. Evimizdən-eşiyimizdən, doğma diyarımızdan didərgin düşdük.

İsa Körpülünün yazdıqları məni onun özü ilə yaxından tanış etdi, bizi biri-birimizə bağladı, doğmalaşdırdı. Oxuyaraq gördüklərim və gördüklərimdən götürdüklərim aşağıdakılardan ibarət oldu, istəkli oxucular.

Bəzən hətta kifayət qədər tanınmış hansısa birinin kitabını ələ alıb, ilk şerlərini oxuyur, şeriyyətin, mənanın, məzmunun qane etmədiyini ilk andaca görür və tezcə kitabı bağlamalı olursan. İsa Körpülünün yaradıcılığının bu toplusu isə onu axıra qədər və diqqətlə oxumaq üçün sözün əsl mənasında məni məcbur elədi. Çünki yazılanlar İsa Körpülünün əsl şair olduğunu, onun anadan şair doğulduğunu göstərdi. Aydın oldu ki, onun yaradıcılığının əhatə dairəsi geniş, çoxşaxəli və rəngarəngdir. O, gündəlik həyatımızın, yaşadığımız mühitin demək olar ki, əksər sahələrinə toxunmuş, narahat dünyamızın narahatçılığına səbəb olan amillərə öz münasibətini bildirmişdir.

Bunlardan bəzilərini nəzərinizə çatdırmağı özümə mənəvi borc bildim, əziz oxucular. Məsələn, məhəbbət adlanan ilahi duyğulardan yazmayan şair yoxdur. İsa Körpülünün də bu möcüzələr möcüzəsinə həsr etdiyi çoxsaylı şerləri var.

Sevgidən yaranmış, məhəbbətdən yoğrulmuş bu qeyri-adi duyğunu olduğu kimi təsvir etmək hər şairin işi deyil. Bunun üçün qəlbin dolu, ruhun zəngin, dünya görüşün böyük  olmalıdır.  İsanın  sevgiyə  aid  şerləri  çoxdur.  Onlardan  ancaq iki müxtəlif şerdən götürülmüş aşağıdakı iki bəndi nəzərinizə çatdırmaq istəyirəm:

 

          Körpə çinar boy atıbdır, ucalıb,

          Gur saçlarım seyrəkləşib, azalıb,

          Heç demə ki, mənim İsam qocalıb,

          Hələ səni gözləyirəm, sevgilim.

 

                                    Bir şey qalmadı ki, cəmi ömürdən,

                                    Könlümdə cavanlıq, saçlarımda dən,

                                    İsa da bilməyir, anlamır nədən,

                                    Səni gözləyirəm, səni, sevgilim.

 

Oxuyun, duyun, düşünün və nəticə çıxarın əziz oxucular.

Elə şair yoxdur ki, dünya haqda nə isə yazmasın, onun vəfasızlığını, etibarsızlığını göstərməsin, ondan yaradana, onu xəlq eləyən Xaliqə şikayət etməsin. Doğma el-obasından, canı qədər sevdiyi Körpülüsündən ayrı düşmüş İsa Körpülünün də haqlı narazılığını bildirməyə haqqı çatır:

 

           Məcnunun ah-zarı eşqin səsiydi,

           Kərəmi yandıran eşq nəfəsiydi,

           İsa da Körpülü pərvanəsiydi,

           Onu da çırağa həsrət qoymusan.

 

Digər bir şerində isə,

            Bu dərd görən necə sığır dünyaya?

            Dözə bilmir ağrısına daş-qaya,

            Oğulsansa, təsəlli ver İsaya,

            Qəm geyinmiş qəmxanadı Körpülü.

 

- deyərək, şair ürəyini boşaldır.

İsa Körpülünün dünya haqda bu səpkidə şerləri kifayət qədərdi. Amma bəzi şerlərində o, bu dünyada baş verən fəlakətlərin, bəlaların, bədbəxtliklərin, müxtəlif səpkili dönüklüyün əsl səbəbkarlarını göstərir və haqlı olaraq qeyd edir ki, dünyanın günahı yoxdur, o yarandığı kimi də qalıb, o insanlara yox, həmişə insanlar dünyaya dönük çıxıblar.

            Küpəgirən insan olub,

            İblis doğan sultan olub,

            Cin balası Xaqan olub,

            Bu dünyanın nə günahı?

 

deyən şair, özü verdiyi suala özü də cavab verir.

 

Həyat davam edir bu minval ilə,

Tülkü alim olub, dərs deyir filə,

Çaqqallar paradan vurubdur şələ,

Dolanır ötdükcə il yavaş-yavaş.

 

Hər bir qarışını qəlbən, göz bəbəyi kimi sevdiyi ata-baba yurdunu, elini-obasını ruhuna hopduran İsa Körpülü onun həsrəti ilə yaşayır, qəlbi heyrətə gətirən çox incə və saf duyğularla tərənnüm eləyir. Gözü yolda, qulağı səsdə olan, düşmən tapdağında inləyən doğma diyarı, dağları-dərələri, çölləri-çəmənləri, şaq-şaq şırıltılı dağ çaylarını, zəm-zəm zümzüməli buz bulaqları ürək ağrısı ilə yad eləyir və onların dərdinə şərik olur.

 

Bu çeşmənin dərdinə bax, dərdinə,

Çöküb dizə, bircə dəfə içən yox.

Bilən yoxdu kədəri nə, dərdi nə,

Gözündəki kolu-kosu seçən yox,

Bu bulaqdan bircə ovuc içən yox.

 

Necə incə, zərif duyğulara köklənib bu şer parçası!

Yel dağını, Qaracanı, Quru çayı, Ləlvəri, Koroğlu qayasını, Pirinin bulağını arzulayan şair Xan çinara müraciət eləyir.

 

Deyirlər Ləlvər də yetimləşibdi,

Koroğlu qayası kimsizləşibdi,

Pirinin bulağı küskünləşibdi,

Sındırdı belimi bu dövran, çinar.

 

Yuxarıdakı şer nümunələri məndə qeyri-adi hislər oyatdı. Özümü bulağın yerində hiss etdim. Mən də onun gününə düşdüm, tənhalaşdım, yazıqlaşdım, yetimləşdim.

Körpülü dərdi ilə yanaşı, İsa Körpülünün böyük bir Qarabağ dərdi də var. İyirmi ildi Körpülüsündən didərgin düşən şairin Qarabağ həsrəti də iyirmi ilə yaxınlaşır. Deyilən sözlər quru söz olaraq, verilən vədlər ancaq vəd olaraq qalır. Şair buna narahatçılığını bildirir.

Ay ormanlar, ay obalar, ay ellər,

İntiqam almağa gecikmirikmi?

Ay sultanlar, ay igidlər, ay ərlər,

Qələbə çalmağa geçikmirikmi?

 

İsa, bülbüllərin nakam səsində,

İsa bulağının zümzüməsində,

Kökləyib sazları mey nəfəsində,

Tar, kaman çalmağa gecikmirikmi?

 

deyən şair, haqlı olaraq narahat olur, verdiyi suallara cavab gözləyir.

 

Bakı ürəyimdi, Gəncə canımdı,

Naxcıvan şöhrətim, Qazax şanımdı,

Dəli Kür, Xan Araz şah damarımdı,

Könlümün dilbəri Qarabağımdı.

 

deyən İsa Körpülü üçün bütün türk dünyasının, o cümlədən güneyli-quzeyli, doğulu-batılı Azərbaycanın hər qarışı doğma, əziz və müqəddəsdir.

Xalqının başına gətirilənlərdən, dövranın qurduğu tələblərdən, zamanın zülmlü zindanlarından təəssüf hissi keçirən şair, olub-keçənləri acı ürək ağrısı ilə yada salır, öz içində yavaş-yavaş qovrulur, həzin-həzin inləyir və bu duyğuları fələyə şikayət formasında üzə çıxarır.

Neyləsin bu vücud, neyləsin bu baş?

Daha dözümün yox, ay İsa qardaş!

Fələyin sındıra bilmədiyi daş,

Mənim başımdamı çatlamalıydı?

 

Hörmətli oxucular! El-oba dərdi, yurd həsrəti hər bir dərddən betərdi. Başına gələn başmaqçı olar, dərd əhlini dərdli daha dərindən duyar. İsa Körpülü kimi mən də el-obası dağılanlardanam, yurdundan didərgin düşənlərdənəm. Qərbi Azərbaycanın Qaraqoyunlu bölgəsindən ayrı düşmüşlərdən biri də mənəm. Ulularımızın, ata-analarımızın, əzizlərimizin qəbrləri oradadır. O narahat ruhlar bizi gözləyir, bizdən kömək istəyir. Bizim isə əlimiz çatmır, ünümüz getmir. Təsəllimiz yuxuda görməkdir.

Atam dünyasını tez dəyişdi. O, Bakını görmədi. Anam isə Bakıda, bizim evdə kifayət qədər olub. Buna baxmayaraq, bir dəfə də olsun anamı yuxumda Bakıda görməmişəm. Onu həmişə Qaraqoyunluda, dünyaya göz açdığımız kəndimizdə, o müqəddəs evimizdə görürəm.

Görünür, bu ilahi hissləri İsa Körpülü də yaşamışdır. O da həmişə Körpülünü yuxuda görmüşdür.

Yoluna, izinə qara çəkilib,

Çiçəyi-çəməni dara çəkilib,

Bilmirəm yuxum da hara çəkilib,

Kəndimiz hər gecə yuxuma girir.

 

Dərd dolu dünyamızın dərdlərini daşıyan, vətən sevgisi, yurd həsrəti ilə yaşayan şairin öz arzuları, öz istəkləri var idi. Böyük vəzifələr, tükənməz var-dövlət istəmirdi. Telli sazın tellərində, bülbüllərin dillərində, Körpülünün çöllərində qalmaq, Yekə Yalda ağac olmaq istəyirdi şair.

Sizdən gizlin bir yazım var, ay ellər,

Telli sazın tellərində qalaydım.

Bir istəyim, bir arzum var, ay ellər,

Bülbüllərin dillərində qalaydım.

 

Sərt üzü var torpağın da, daşın da,

İsa üçün fərqi yoxdu yaşın da,

Ağac olub Yekə Yalın başında,

Körpülünün çöllərində qalaydım

 

- deyirdi.

Yaradan isə yazını başqa cür yazdı. Ömrünün kamilləşmiş çağında, yazıb-yaratmalı olduğu mühiti daha dəqiq, daha dərindən duya bildiyi bir zamanda, bir il bundan əvvəl əlli bir yaşında dünyasını dəyişdi İsa Körpülü.

Nə etmək olar? “Yazıya pozu yoxdu”, - deyib atalar. O ürək, o hiss, o duyğu sahibi, elə qəlbin yiyəsi olan çox yaşaya bilməzdi.

Bir də ki, insan hər an ölüm yaşındadır, - deyib dahilər. Ömür illərin sayı ilə deyil, necə yaşamaqla ölçülməlidir. Üç yüz il yaşasa da, qarğanın qarğa adı var. Qartalın isə yaşını soruşmurlar.

Cəmiyyətdə bütün dövrlərdə yaltaqlar, məddahlar, çoxüzlülər, vəzifə və var-dövlət düşkünləri mövcud olmuşdur. Bəzən belələri meydan sulayırlar və ixtiyar sahibi olurlar. Onların, bu millətin taleyi ilə oynayanların dili ilə deyilən Sabiranə şer nümunələrinə fikir verin, istəkli oxucular.

 

Haqqı yazanların əlini sındır,

Əyilməz başların belini sındır,

Kəndini, yurdunu, elini sındır,

Fəryadı ağılı-avazlı gərək.

Millətin təpəsi qapazlı gərək.

 

İsa əməl elə vəsiyyətimə,

Naxələf çıxma ha, nəsihətimə,

Gəlməsin yazığın yesir, yetimə,

Fəryadı ağılı-avazlı gərək.

Millətin təpəsi qapazlı gərək.

və yaxud

Elm vermə, qoy başları boş qalsın,

Al pulunu, istərsə lap leş olsun,

Nə vecinə, təkcə sənə xoş olsun,

Səhər-axşam əl çalanda yaxşıdı,

Bizim millət ac qalanda yaxşıdı.

 

Var-dövlətə, vəzifəyə, villalara doğru gedən yolla ucalmaq üçün namus, qeyrət, insaniyyət yolunda alçalanlara, kiçilənlərə üz tutan şair deyir:

 

Qorxmasaydım alçaqlıqdan, “ucalardım”,

Alçaq-alçaq alçaqlara əl çalardım.

Pillə-pillə “ucaldıqca” əvəzində,

Öz içimdə kiçilərdim, alçalardım.

 

Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun, İsa Körpülü. Dünyanın bir cənnət güşəsində dünyaya gəldin, böyüdün, vətəni, xalqı, el-obanı sevdin, ucalmaq eşqi ilə ucaldın, yazdın-yaratdın, yaratdıqlarını əmanət qoyub, əbədiyyətə qovuşdun.

 

 

                                                                     Faiq Paşa oğlu Həsənov,

                                                                     kimya elmləri namizədi, ATU-in dosenti

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İSANIN KİTABINI VƏRƏQLƏYƏRKƏN….

 

İsa adı ilə yanaşı çəkilən Körpülü kəndi Allahın yaratdığı elə bir məkandır ki, orada təbiətin bütün ünsürləri torpaq, hava, su, günəş gözəllik ahəngi yaratmış, meşələri, dağları, yaylaqları, dərələri, bulaqları, bağları təbiətin ən gözəl mənzərəli tablosu idi. Belə bir təbiət qoynundan çıxan, elimizin istedadlı oğlu İsa Körpülü bunlardan yan keçməmişdir. Yaradıcılıq məhsulu olan “Sevməzdim dünyanı sən olmasaydın” adlı kitabında məhz bunlardan üçü ana xətt kimi əsas yer tutur. Birinci onun öz ana yurduna bağlılığı, tarixi yurd yerlərinin adını çəkərək onların hər birinin türk xalqının qədim məskənlərinin, dağların, dərələrin, meşələrin, bulaqların hər birinin yeri olduğunu və onların gələcək nəsilə çatdırılması diqqəti cəlb edir. İsa bir şerində

 

                                    “Xan Çinarın dərəsində,

                                    Alpaşanın təpəsində,

                                    Yekə yalın sinəsində,

                                    Qalmadı sona, Körpülü.

 

deyərək ürək ağrısı ilə doğma kəndini, ata yurdunu yad edir. Onun bir çox şerlərində qədim türk xalqının əzəli torpaqları olan Ləlvər, Yel dağı, Quru çay, Babakər, Qızıl qaya, “Çinarın dərəsi”, “Pirinin talası”, “Zoğal bulağı” və s. poetik dillə tərənnüm olunur. “A Durna” rədifli şerində

                         

                                    Ləmbəliyə, Yel dağına dəy, qayıt,

                                    Keç Ayrımdan, Göy dağına dəy, qayıt,

                                    Get, Kərəmin gül bağına dəy, qayıt,

                                    Didərgin ellərə, yetim yerlərə,

                                    Salam yetir, salam gətir, a durna.

 

Sanki Körpülü səmasında uçan durnalardan xahiş edir ki, qonşu kəndlərdən Ləmbəlidən, Ayrımdan, Kəmərlidən, Qazaxdan keçəndə bizdən də salam apar, salam gətir deyir.

İsa “De, gəlsin” şerində el arasında, məclislərdə oxuyan aşıqlardan xahiş edirdi ki,

 

                                    Doğma yurddan, doğma eldən, obadan

                                    Söyüdlüdən, Babəkardan, Babadan

                                    Ürəklərə od qalayan havadan

                                    Babaların oylağından, de, gəlsin!

                                    Közü sönmüş ocağından de, gəlsin.

 

                                    Daş bulağın, Quru çayın, Calanın,

                                    Yekə yalın, Tənbəkərin, talanın,

                                    Koroğlunun qayasının, qalanın,

                                    Çınqılından, torpağından de, gəlsin!

                                    Uçuğundan, qalığından de, gəlsin!        

 

şerlərində elimizin qədim yurd yerlərinin düşmənlər tərəfindən dağıdılması, insanların didərgin salınmasını kədərli göz yaşları ilə, anaların dili ilə sətirlərə köçürmüşdür.

 

                                    Anam hərdən yada salır, ağlayır.

                                    Göz yaşları cövlan edir, çağlayır.

                                    Hönkürtüsü yeri-göyü dağlayır.

                                    Viran olmuş viranədir Körpülü.

 

şerlərinin bir çoxunda ikinci əsas cəhət, İsa yaşının az olmasına baxmayaraq, qohumlara, bacılara, qardaşa, bacıya nəsihətlər verməyi bacarmış, özünün gənc ziyalı olduğunu təsdiq etmişdir. “Azdır” adlı şerində övladın ana qarşısında qovrula-qovrula yanmasını belə təsvir edir.

 

                                    Anlayıb, dərk edib, qanasan gərək,

                                    Ana laylasından od almaq azdır.

                                    Qovrula-qovrula yanasan gərək,

                                    Odunda közərib odlanmaq azdır.         

 

“Qardaş” adlı şerində qardaşın ata yurdunun dayağı, nəslin arxası kimi təsvir edir.

 

                                    Önündə bir səddi, həm kürəyindi,

                                    Öz qanın, öz canın, öz ürəyindi,

                                    Axır günündə də bil, gərəyindi,

                                    Nurlu otağında çıraqdı qardaş.

 

İsanın şerlərində üçüncü ana xətt vətənlə bağlıdır. O, şerlərdə ümumən Azərbaycanın, xüsusən Qarabağın başına gətirilən faciələrdən danışaraq, oxucuları düşmənə qarşı nifrət bəsləməyi, torpaqlarımızı düşmən tapdaqlarından azad etmək üçün tələsməyə çağırır. Onun “Ay vətən”, “Yanan da biz, yaman da biz”, “Gecikmirikmi”, “Yurd davası”, “Qarabağımdı” şerlərində vətən oğullarını mübariz olmağa, düşmənə qarşı amansız olub vətən torpaqlarının sahibi olmağa çağırır.

 

                                    Sən də, mən də neçə ildir yaralı,

                                    İkimiz də bir dərdliyik, ay Vətən.

                                    Sən parandan, mən yurdumdan aralı,

                                    İkimiz də həsrətliyik, ay Vətən.

 

Və ya

 

                                    Dəyanət göstərək, qoşa dayanaq.

                                    Birgə yanaq, içimizdən qaynayaq.

                                    Daha bəsdir ümüdsüzlük, bu qınaq,

                                    Heç deməyək zülmətliyik, ay Vətən.

 

İsa Qarabağı elin sərvəti, cövhəri, gözəllik dilbəri, el - obamızın şah damarı adlandırır. Onun azad olunması üçün “gecikmirikmi” sualını qoyur.

 

                                    Ay ormanlar, ay obalar, ay ellər

                                    İntiqam almağa gecikmirikmi?

                                    Ay soltanlar, ay igidlər, ay ərlər,

                                    Qələbə çalmağa gecikmirikmi?

 

Və yaxud

 

                                    Ağlamaqdan nənələrim kor olmuş,

                                    Gözləməkdən babalarım yorulmuş,

                                    Külə dönüb, külü göyə sovrulmuş,

                                    Ocağı çatmağa gecikmirikmi?

 

İsanın “Kəndimiz hər gecə yuxuma girir” adlı şeri bir oxucu kimi mənə çox təsir etmişdir. O yazır ki,

 

                                    Qəbir də ağlayır, daş da ağlayır,

                                    Nə vaxtdır daşlaşmış daş da ağlayır.

                                    Məzara tökülmüş yaş da ağlayır.

                                    Kəndimiz hər gecə yuxuma girir.

 

Mən isə “Kəndimiz” adlı şerimdə sanki ona cavab verirəm. şerimin bir neçə bəndində

 

                                        

                                    Gecələr ruhlar yığılır başıma,

                                    Dartıb fırladırlar Körpülünün başına,

                                    Hər qayasına, hər qəbir daşına

                                    Haray salıram, harayıma çatan yox.

 

                                    Babakərdən, Qızıl Qayadan aşıram,

                                    Çinar başından Körpülüyə baxıram,

                                    Sanki özümü xoşbəxt də sanıram.

                                    Boş qalıb, evlərdə qalanı yox.

 

Bir daha deyirəm ki, Vətən, yurd həsrəti hamını göynətdiyi kimi, İsa ilə məni də göynədərək ürəyimizdən  keçən hissləri bölüşə bilmişik.

 

* * *

Sabaha nikbin ruhlu İsa elimizin, obamızın yetkin şairləri içərisində özünəməxsus iz qoyub getdi. Az ömür sürməsinə baxmayaraq, öz gözəl, dəyərli poeziyası ilə qəlblərə yol tapdı. Onun məhəbbət, sevgi, eşq dolu qoşmaları, inanıram ki, hamı tərəfindən sevilərək oxunacaqdır.

Elimiz, obamız bu istedadlı oğlunu itirsə də, onun ruhunu qəlblərdə, yaddaşlarda qoruyub saxlayacaqdır.

 

 

Fərhad Əliyev

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

QAÇQIN ŞAİRİN İLK SEVİNCİ -

“SEVMƏZDİM DÜNYANI SƏN OLMASAYDIN”

 

İsa Körpülünün (Mansurovun) bu günlərdə “Günəş” nəşriyyatı tərəfindən çap olunmuş ilk kitabı “Sevməzdim dünyanı sən olmasaydın” adlanır. Onun yaradıcılığına on ildir ki, bələdəm. İlk mətbu şeri 1993-cü ildə “Ulu Göyçə”qəzetində dərc olunmuşdur.

Kitabın redaktorları İsmayıl Vəliyev və Zahid  Mustafayev kitaba məzmunlu ön sözü yazmışlar.

Kitabdakı şerlər: “Vətən sevgisi, yurd həsrəti, “Dünya məhəbbətdən gözəlləşib”, ”Yarıciddi, yarızarafat” və “Yeni şerlər” bölmələrində verilmişdir.

Birinci bölmədəki 86 şerin üçdən birini müəllif yalnız doğma torpağa: dağlara, bulaqlara, çaya və doğma kəndinə həsr etmişdir. Elə ilk səhifələrdən “Qoy bilsinlər qeyrətliyik, ay Vətən” şerindən sonra “Ağac olub Yekə yalın belində, Körpülünün çöllərində qalaydım” deyir. Şair İsa Körpülü “Yanan da biz, yaman da biz” deyərək 20 Yanvar faciəsini törədənlərə nifrət oxu tuşlayır. Eyni zamanda, doğma yurddan qovulduqdan sonra  “Çinar” şerində deyir:

 

Deyirlər Ləlvər də yetimləşibdir,

Koroğlu qayası kimsizləşibdir,

Pirinin bulağı küskünləşibdir,

Sındırıb belimi bu dövran, Çinar.

 

“Kəndimiz hər gecə yuxuma girir” - deyə şair haray qoparır. “Kəndim”, “Körpülü”, “Ana Körpülü”, “Anam Körpülü”, “Qalaydım”, “Yurd harayı” kimi şerlər şairin acılı-şirinli dünyasından xəbər verir. O, torpaqlarının qaytarılması üçün narahatlığını bildirir: “Düşməndən qisas almağa, ona qələbə çalmağa gecikmirikmi?” harayını qoparır.

 

Füzulini, Xocalını, Ağdamı,

Cəbrayılı, Zəngilanı, Şuşanı,

Kəlbəcəri, Xankəndini, Qafanı,

Geri qaytarmağa gecikmirikmi?

 

Bu suallara hələlik cavab tapa bilmir. Qəlbini ağrıdan bu suallardan yüngülləşmək üçün öz yazı masasının arxasına keçir:

“Nə yaxşı dərdimin həmsöhbəti var” deyib dərdini vərəqlərlə bölüşür. Sonra isə öz fikrini belə açıqlayır:

 

 

İsa daha gül dərəmmir dəstə-dəstə,

İstəmir ki, dərd gətirə dərdlər üstə.

 

Qaçqınlıq, köçgünlük dərdi onun çiyinlərindən basır, istəyinə hələlik gücü çatmır:

Düyün-bağdı, çözələn döy bu dünya

Düz olmayıb, düzələn döy bu dünya.

 

“Dünya məhəbbətdən gözəlləşib” bölməsində verilmiş 110-a qədər şer, demək olar ki, tamamilə məhəbbətə, sevgiyə həsr olunmuşdur. “Bülbül”, “Dözəmmirəm”, “İstəmirəm”, “Məni də apar”, “Vurulmuşam”, “Sevgilim”, “Güllər əlimdə qaldı”,  “Qurban olum”, “Sevirəm de”…  onların bir qismidir.

 

İsadan od istə

Hərarət istə

Köksümdən çıxarıb

Od verim sənə

 

- deyən aşiq öz məşuqəsinin ağladığını görüb, “Ağlama, göz yaşından qorxuram” deyir. Aşiq Məcnun sayağı məşuqəsinin izinə düşüb onu axtarır. “Geri qayıt, geri dön!” nidasını dağların qoynunda səmalara qərq edir, “Axtaran tapar” deyib ümidini itirmir. Yenə də:

 

Fələyin sındıra bilmədiyi daş,

Mənim başımdamı çatlamalıydı?

 

“Ayrılıq ölümdən betərdir, gülüm” desə də, dübarə “Hələ səni gözləyirəm, sevgilim”, “Sevdalı göylərdən enə bilmirəm”, “Bütün varlığımı sənə vermişəm” odur ki, “Əlimdə qalıbdır təzə-tər güllər” əlini uzadır. Əllərin qovuşacağına inanır.

“Yarıciddi, yarızarafat” bölməsinə daxil olan şerlərin əsas məqsədini dostyana zarafatlar təşkil etsə də, onlarda ciddi əhəmiyyət kəsb edən fikirlər də var. “Qulp sayağı” deyişmədə də, bayatılarda da o fikirlərə rast gəlirik:

 

Ayrılığın gözü qara,

Dağı qara, düzü qara,

İsa bezib yolçuluqdan,

Bu yolların üzü qara…

 

Yazıb-yaratmaq eşqi ilə yaşayan şair İsa Körpülü (Mansurov) bəzən də qüssəyə-qəmə qapılır, saçlarına düşən dəndən qorxmayıb, ancaq qəlbindən gələni belə qələmə alır:

 

Deməyək ki, ömür-gün getdi əbəs,

Ürəyimdə nə qədər ki var həvəs,

Yaşamağa, yaratmağa gəl tələs,

Aman könlüm, qocalmağa tələsmə…

 

Gənc, qaçqın şair İsa Körpülünün bu kitabında toplanmış şerləri inanırıq ki, oxucuların xoşuna gələcəkdir.

 

                      Bilal Ənsər

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

Sevməzdim dünyanı, sən olmasaydın

 

Geniş oxucu kütləsinə təqdim etdiyimiz İsa Körpülü imzası ilə yazıb-yaradan gənc sənətçimizin “Sevməzdim dünyanı, sən olmasaydın” adlı şerlər kitabında toplanmış lirik və məhəbbət üslubunda səslənən şerlər bütün oxucuların marağına səbəb olaraq, ürəkləri riqqətə gətirmişdir.

         İsa Körpülü 1956-cı ildə Qərbi Azərbaycanın Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində anadan olmuşdur. O, uşaq yaşlarından ata qayğısından mərhum olsa da, anasının himayəsində dərdsiz-qəmsiz böyümüş və təhsil almaq üçün ciddi səy göstərmişdir. Öz həmyaşıdları tərəfindən Gözəl xala adlanan anası 4 qız, 2 oğlan uşağını savadlandırmaq üçün bütün zəhmətlərə qatlanmışdır. Başqa millətlərlə əhatə olunmuş azərbaycanlı kəndi İsa üçün əziz və rahat bir məkan sayılırdı və o, öz ata-baba yurdunda özünü çox sərbəst hiss edirdi. Uşaq çağlarından onun şerə böyük həvəsi olmuşdur. Elə bu səbəbdən o, orta məktəbi bitirdikdən sonra Bakıya gəlib Mədəni-maarif Texnukumuna qəbul olmuş və oranı müvəffəqiyyətlə bitirdikdən sonra, anasına maddi kömək göstərmək üçün döğma Körpülü kəndinə gəlib, kənd mədəniyyət evində müdir kimi fəaliyyət göstərməyə başlamışdır və 1988-ci ildə azərbaycanlıların deportasiyasına qədər kənddə yaşamışdır. Bir mədəniyyət işçisi kimi şer yazmağı unutmamışdır. Ona görə də, qələmə aldığı bir çox şerləri vətənə sevgi və xain qonşulara nifrət üslubunda səslənməyə başlamışdır:

                  

                   Şəhid oldu neçə igid-yurd oğlu,

                   Boz qurd oğlu, qurd ürəkli qurd oğlu,

                   Vay, gorun çatlasın, a Qorqud oğlu,

                   Dözə bilmir, üzülür can, ağlayır,

                   Gözlərində min bir hicran ağlayır.

 

         İsa Körpülü də hamı kimi 1988-ci ildə Ermənistandan azərbaycanlıların bir nəfər kimi qovulmasından sonra gəlib Bakı şəhərində məskunlaşmışdır. 1992-ci ildə İncəsənət Universitetini bitirib bir neçə il Dövlət Statistika Komitəsində çalışmışdır. O, öz ağrılarını şerlərini vaxtaşırı qəzetlərdə dərc etməklə yüngülləşdirməyə çalışırdı. Hər halda, onun bulaq kimi qaynayan istedadı qapanıb sandıqda qala bilməzdi. O, çıxış yolları axtarırdı. Ona görə də Gənclər və İdman Nazirliyi sisteminə keçərək Mahnı və idman sarayında şöbə rəisi işləmiş, azərbaycan və rus dillərində dövrü olaraq şerlər nəşr etdirməyə başlamışdır. İsa taleyin ona rast gətirdiyi enişli-yoxuşlu yollarda irəliyə doğru asta addımlarla irəliləyir:

 

                   Fələklə dil tapıb danışmalıydm.

                   Mən öz qismətimlə barışmalıydım.

                   Vətən torpağına qarışmalıydım.

                   Gərək gəlməyəydim, mən niyə gəldim?

 

-   deyən gənc şair başqa köçkünlərdən vətənə səmimiliyi ilə seçilir. Ona görə də, qələmə aldığı bütün şerləri vətən həsrəti və ata yurdunun xiffətilə cilalanır, qaynayır, coşub-daşır və bütün oxucularda vətənpərvərlik hissini gücləndirir. O, vətən gözəlliyindən heç bir gözəlliyə uymayır, çünki ana gözəlliyi, vətən gözəlliyi onun üçün ən müqəddəs varlıqdır. Həm də canına, qanına hopan vətən sevgisi, boya-başa çatdığı Yuxarı Körpülü kəndi onun üçün cənnət-məkan anlayışı kimi heç vaxt yaddan çıxmayan bir ziyarətgaha çevrilmişdir. Bu, həqiqətən də belədir, yəni Azərbaycanın bütün torpaqlarının və regionlarını əziz və qiymətli saydığı kimi, onun bir parçası da Yuxarı Körpülü sayılır. Ancaq dünyaya gəldiyi və onun ab-havası ilə böyüyüb ərsəyə gəldiyi coğrafi nöqtə bütün yer şarına bərabər görünür. Doğma yurddan ayrılmaq ona çox ağır yük olmuşdur.

           

                   Sərt üzü var torpağın da, daşın da,

                   İsa üçün fərqi yoxdur yaşın da.

                   Ağac olub Yekə Yalın başında,

                   Körpülünün çöllərində qalaydım.

 

         Əlbəttə, hər bir qaçqın-köçkündə bu qədər vətən həsrətini sezmək mümkün deyil. İsa Körpülü atasız böyüsə də, o, anasının zəhmətini itirmir. Onu tanıyanların hamısı daha yaxşı bilirlər ki, o, halal duz-çörək hesabına ulu Yaradanın kəramətinə sığınmışdır. Elə buna görə də, öz arzu amallarına sadiq qalmaq üçün əməllərini düzgün istiqamətləndirmişdir. Belə hesab etmək olar ki, gec də olsa, “Sevməzdim dünyanı, sən olmasaydın” şerlər kitabı bundan sonra bəstəkarların rəğbətini qazanacaq və müğənnilərimiz onun yazdığı şerlərə bəstələnən mahnıları sevə-sevə ifa edəcəklər.

                  

                    Vətəndən şirin də paymı var imiş?

                   Bizim Körpülüyə taymı var imiş?

                   Quruçay adında çaymı var imiş?

                   Pirinin talası yadıma düşüb.

        

         İsa Körpülü vətənin gözəlliyini və müqəddəsliyini candan, qandan gələn və Allah tərəfindən insanlara tövsiyə edilən əlamət kimi qavramış və heç bir zaman unutmamaq üçün canına hopdurmuşdur. Həm də dərk edə bilmişdir ki, fəlsəfi mənada insanın yaradıcısı Allahın məsləhəti ilə də olsa, ancaq ana xilqətin yaradıcısı sayılır:

 

                   Xilqətə ruh verən, vəcdə gətirən,

                   Varlığın önündə səcdə gətirən,

                   Soltanlar yetirən, şahlar yetirən,

                   Səadət tanrısı anadır, ana.

 

         Onun bütün misralarını ipə-sapa düzsək, görürük ki, bu dağlardan süzülüb gələn büllur su damcıları güllü gülüstan yaradan, canlılara həyat verən simvolik bir təsir bağışlayıb, ruhlara qida verir, su bütün canlıların canına hopan kimi, İsanın şerləri də oxucuların varlığına nüfuz edir. Onun “Dünya”, “Qalaydım”, “Çinar”, “Ana kəndim”, “A dünya”, “Gecikmirikmi?”, “Qarabağımdır” və s. lirik şerləri günümüzün tələbləri ilə uyğunlaşan təranələr səsləndirir və sevilə-sevilə oxunur. Bununla yanaşı, bir çox sevgi-məhəbbət şerləri gənclərimizin ümumi etibarını qazanmışdır. “Gəl sağollaşaq”, “Bülbül”, “Gözlərin”, “Haralarda gəzim səni?”, “Bəxtim məni də apar”, “Sənin gözlərinə baxıram gülüm”, “Dilbərim” və s. sevgi-məhəbbətlə dolu olan təranələri gənclər tərəfindən daha yüksək qiymətləndirilir. Bunlarla yanaşı, İsa Körpülünün yaradıcılığında ən yaralı yerimiz olan Qarabağ hadisələri və düşmənlərimizin bizi zorla qoşduğu hadisələr daha qabarıq görünür. Ona görə də, düşməndən intiqam almaq üçün tarix boyu yenilməz türk oğullarını zəfərə səsləyir.

 

                   Ay ormanlar, ay obalar, ay ellər,

İntiqam almağa gecikmirikmi?

Ay soltanlar, ay igidlər, Ay ərlər,

Qələbə çalmağa gecikmirikmi?

 

         Qeyd etmək lazımdır ki, Qarabağ fonunda qələmə alınan bütün lirik şerlər bütöv Azərbaycanı əhatə edir. Yəni gənc şairimiz el dərdini, vətən dərdini özünün qəlb ağrıları kimi gəzdirir. Onu tanıyanlar da təsdiq edərlər ki, qara saçlarına erkən qar yağmışdır. Həqiqətən də, 1988-ci ilə kimi qəm-qüssəsiz yaşayan bu insanın qap-qara şəvə saçları birdən-birə ağarmışdır. Ona görə ki, o, kiçik bir ürəkdə azərbaycan millətinin pərən-pərən olan 50 milyon xalqın yaralarını gəzdirir. Öz vətənində sosial güzəranına təminat tapmayan soydaşları kimi, Azərbaycandan kənarda, Moskva şəhərində yazıb-yaratmağa məcbur olmuşdur. Həm də yazır ki, Bakı Dövlət Universitetində prezident təqaüdü alan Həsən kimi oğulu vətənə sədaqət ruhunda inkişaf etsin. Həm də müəyyən vaxtdan sonra ilk və axirət iftixarı olan Azərbaycanın gələcək nəsilləri onu da öz yaddaşlarında İsa Körpülü kimi həkk etsinlər.

 

                   Bakı ürəyimdir, Gəncə canımdır,

Naxçıvan şöhrətim, Qazax şanımdır,

Dəli Kür, Xan Araz şah damarımdır,

Başımın pərvəri Qarabağımdır! 

        

-   deyən gənc istedadlı şairimiz gələcəyə böyük ümidlərlə baxır. O, inanır ki, nə vaxtsa Azərbaycanda hər şey öz axarına düşəcək, xalqımız firavan həyata qovuşacaq. Gənc nəsillər də İsa Körpülünü daim hörmətlə yad edəcəklər. Hər toyda, mağarda onun mahnılarını səsləndirəcəklər. Bax, budur onun arzu və amalı.

                           

                                                                                     Məhəmməd Zeynalov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qərib məzarın “gözləri yol çəkir”

 

Hər kəs dünyanı bir cür sevir – özünə məxsus şəkildə. Görəsən, insan yaşamağı, həyata yaraşıq olan gözəllikləri sevdiyi kimi, ölümü niyə sevə bilmir? Çətin sualdır...

İnsan ölümü sevməsə də, hər kəs ölümü ilə birlikdə doğulduğundan, ölüm onu ömrü boyu təqib edir, bəzən həyatının ən xoş anında taleyin səfasından məst olmuş insanı çaynağına alıb aparır. Bu zaman ömrünü xeyirxah əməllərə xərcləmiş insanların ölümü hər kəsi yandırar, hətta əcəlin özünü də...

Barəsində söhbət açacağımız insan da əcəlin vaxtsız yaxaladığı, muradı gözlərində qalan el şahiri, saz ifaçısı İsa Körpülüdür.

Keçdi illər qatar-qatar,

Mən görmədim səndə

ilqar.

        Bu İsaya, gəl az yalvar,

        Kimdi səndə qalan,

Dünya?

        İsa müəllim ömrünün 50-ci baharına yenicə əlvida demişdi. 51 yaşının içində oğul toyu gözləyirdi, könlündən nəvə nazı çəkmək keçirdi. Amma qismət olmadı... İsti yay günlərinin birində o, qəfil ürək çatışmazlığından vəfat etdi.

İsa Kürpülü (İsa Həsən oğlü Mansurov) 1956-cı ildə Qərdi Azərbaycanın (indiki Ermənistan) Noyemberyan rayonunun Yuxarı Körpülü kəndində doğulmüşdu. 1977-ci ildə Bakıda Mədəni-Maarif Texnikumunu bitirmişdi. 1978-88-ci illər arasında doğma kəndinin – Yuxarı Körpülünün mədəniyyət evinin müdiri işləmiş, eyni zamanda texniki peşə məktəbində etika və estetikadan dərs demişdi. 1988-ci ildə azərbaycanlıların dədə-baba yurdlarından deportasiya edilməsindən sonra İsa müəllim də ailəsilə Bakıya köçür və 1992-ci ildə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirir. Dövlət Statistika Komitəsində və Gənclər və İdman Nazirliyində işləyən İ.Körpülünün şerləri azərbaycan və rus dillərində dövri mətbuatda dərc edilib. O, 2002-ci ildə “Günəş” nəşriyyatında çapdan çıxmış “Sevməzdim dünyanı sən olmasaydın” kitabının müəllifidir. Hələ neçə-neçə şerinin əlyazması gün işığına həsrətdir...

Yaxınlarının bildirdiyinə görə, İsa müəllimin şer yazması, saza-sözə maraq göstərməsi təsadüfi olmayıb, ilikdən-qandan gələn bir əmanət olub. Sən demə, İsa Körpülü Azərbaycan klassik ədəbiyyatının görkəmli simalarından biri olan, XVIII əsrdə yaşamış, məşur “Durnalar” şerinin müəllifi Molla Vəli Vidadinin şəcərəsindən olub. İsa müəllim şerlərində klassik aşıq şerinin ruhu, sevgi məktubları, el-oba, vətən məhəbbəti boy göstərir. Şair şerlərinin birində qarşılıqsız sevgini tənqid edir:

Nizamidən, Füzulidən

soruşun.

        Ya Məcnundan, ya Ley-

lidən soruşun.

        Eşq əlindən gileylidən

soruşun-

Birtərəfli sengimi var,

eşqmi var?

Nə qədər ki , vətənin yaraları sağalmayıb, yurd həsrətlilərimiz Azərbacana, Qarabağa qayıtmayıb, İsa müəllimin şerləri də o qədər aktual və gərəkli olacaq. Bir vaxtlar İsa müəllim Vətən torpağını qəlbinin sevgisilə, sazın avazı ilə qoruyurdusa, ölümündən sonra yadigar qalmış şerlərilə, birdə Bakıda əmanət qalmış və Vətən həsrətilə “gözləri yol çəkən” qərib məzarı ilə qoruyur... 

Allah rəhmət eləsin!

                                                                                           

                                                                                                 İradə Sarıyeva

“Bakı xəbər” qəzeti, 8-9 sentyabr 2007-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                           Kövrəldi ürəklər, yara bağladı,

                                           Məlakə analar qara bağladı.

                                           Haqq özü bəs bunu hara bağladı?

                                           Yanan da biz, yaman da biz olmuşuq,

                                           Zaman-zaman viran da biz olmuşuq.

 

                                                                                                      İSA KÖRPÜLÜ

 

 

NƏDİR GÜNAHI?

 

Tərki - vətən olub düşdük çöllərə,

  Ağ günü bükmüşük qara günlərə.

     Qanlı göz yaşımız döndü sellərə,

        Ey insan qəlbinin hər an pənahı,

           Nədir, bu millətin nədir günahı?!

 

Hər yanda vay-şivən, hər yanda haray,

  Millət üryan qaldı boranda, haray!

     Batırdılar batdı, bu qanda, haray,

        Çatmadı Allaha körpənin ahı,

           Nədir, ay Allahım, nədir günahı?!

 

Qocaya, cavana olmadı aman,

   Qanımız, “yan”lara buyrulub dərman.

      Bəs hanı dünyada ədalət-divan?

        Gözlərdə qan olub göylərin mahı

            Nədir, bu millətin, nədir günahı?!

  

Nə olub, Allahım, Sizə əyandı,

   “Quran”lar əllərdə qana boyandı!

      Körpələr cəhənnəm odunda yandı,

         Deyirlər: - Olmasın Türkün sabahı,

            Nədir, ay Allahım, nədir-günahı?!

                                                               

 

                                                                                               ŞAMİL SALAHLI

 

 

 

 

ƏLAQƏ FACEBOOK SƏHİFƏ Saytı dİzayn edən : Sabit MAnsurov