background

İSA KÖRPÜLÜİsa Körpülünün xatİrəsİnə

 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

KÖRPÜLÜ


Obalar içində, ellər içində,
Kim deyir ki, bir dənədir Körpülü.
Dağların qoynunda, çöllər içində,
Yetim qalmış dürdanədir Körpülü.


Yad baxışlar oxşamayır zövqünü,
Zillətlərə düçar olub ağ günü,
Zalım fələk didişdirib könlünü,
Havalanmış divanədir Körpülü.


Anam hərdən yada salır, ağlayır,
Göz yaşları cövlan edir, çağlayır,
Hönkürtüsü yeri-göyü dağlayır,
Viran olmuş viranədir Körpülü.


Dəli könlüm, şimşək kimi çaxıynan,
Səmalarda ulduz təki axıynan,
Yurdumuza asimandan baxıynan,
Oda düşmüş pərvanədir Körpülü.


Bu dərd görən necə sığır dünyaya,
Dözə bilmir ağrısına daş-qaya,
Oğulsansa, təsəlli ver İsaya,
Qəm geyinmiş qəmxanədir Körpülü.

______________________________________


ÇİNAR


Körpülü əlçatmaz xəyala dönüb,
Cavabı tapılmaz suala dönüb,
Matəmi sonsuz bir mahala dönüb,
Mən də bu matəmə calandım, çinar.


Deyirlər, Ləlvər də yetimləşibdir,
Koroğlu qayası kimsizləşibdir.
Pirinin bulağı küskünləşibdir,
Sındırdı belimi, bu dövran, çinar.


İnanma, bənövşə, nərgiz açmayır,
Gen dərə boyunca ətir saçmayır.
Bülbüllər oxumur, şahin uçmayır,
Ömrümdə neçə yol sınandım, çinar.


Qartal zirvələrdə oturmur daha,
Tərlanlar lal olub, qıy vurmur daha.
Əyilib Yekə yal, şah durmur daha,
Neçə yol soyuldum, talandım, çinar.


Yel dağı kiçilib, acizləşibdir,
Qazağın bağrını kədər deşibdir.
Gör, dünya necə də adiləşibdir,
Bu gidi dünyadan nə qandım, çinar.


Hüsnünə doyunca baxa bilərdim,
Mən gündə neçə yol çaxa bilərdim,
Günəşi yandırıb yaxa bilərdim,
Amma el oduna qalandım, çinar.


Dərd məndən böyükdür, mən necə dözüm?
Od vurur aləmə qor olmuş gözüm,
Yandırır dilimi hər kəlmə sözüm,
Odu məndən alır saz, kaman, çinar.


Vurğunun olmuşam lap körpəlikdən,
Dərərdim kölgəndə güldən, çiçəkdən,
Öpərdim pöhrəni min bir ürəkdən,
Neçə yol başına dolandım, çinar.


Boyuna mən həsrət qalmışam indi,
Səni ürəyimə salmışam indi,
İsayam, alovsuz yanmışam indi,
Bu necə yanmaqdır, mən yandım, çinar.

________________________________________________

A DURNA


İncə dərəsindən uç, səfər eylə,
Şəhla bulaqlardan iç, səfər eylə,
Bizim Körpülüdən keç, səfər eylə,
Qocaman çinara, qoca Ləlvərə
Salam yetir, salam gətir, a durna.


Ləmbəliyə, Yel dağına dəy, qayıt,
Keç Ayrımdan, Göy dağına dəy, qayıt,
Get, Kərəmin gül bağına dəy, qayıt,
Didərgin ellərə, yetim yerlərə
Salam yetir, salam gətir, a durna.


Çəkiblər divana, yoxdur günahım,
Yandırır göylərdə fələyi ahım,
Sizə qalıb təkcə mənim pənahım,
Piri bulağına, sona göllərə
Salam yetir, salam gətir, a durna.


Dağlar da yaralı, mən də yaralı,
Nə müddətdir mən dağlardan aralı,
Ürəyim paralı, könlüm paralı,
Dərdim yaşa, yaş qarışıb sellərə,
Salam yetir, salam gətir, a durna.


Səs-səmirin qayalarda qaynasın,
Sədaları zirvələrdə oynasın,
Qoy səsindən xatirələr oyansın,
Dumanlara, çiskinlərə, çənlərə
Salam yetir, salam gətir, a durna.


Əhval eylə bircə şirin diliynən,
Gözləyəcəm, desən neçə iliynən,
Qayıdanda biz tərəfdən gəliynən,
Gədiklərə, yamaclara, çöllərə
Salam yetir, salam gətir, a durna.

Bağrım yandı, döndü közə həsrətdən,
Kömək olsun, qoy tanrıdan qüdrətdən,
Körpülü İsadan, loğman Rəşiddən
Ömrümüzdən orda qalan illərə
Salam yetir, salam gətir, a durna.

____________________________________


DÜŞÜB


Boğubdur ayrılıq girdabı məni,
Könlümün ziyası yadıma düşüb.
Ləlvərin dumanı, çisəyi, çəni,
Anamın laylası yadıma düşüb.


Günəş boylanardı Qara qayadan,
Astaca, aramla söküldükcə dan.
Gərib qanadını göydə qıy vuran,
Qartalın sədası yadıma düşüb.


İllərin ən gözəl füsunkar çağı,
Ellərin yaylağı Çubuqlu dağı.
Yurdumun çölləri, baxçası-bağı,
Güllərin cilası yadıma düşüb.


Elimdə, obamda toy olan axşam,
Sağdış şax bəzəyər, yandırardı şam.
Şərbət içilərdi, dolanardı cam,
Almalı lopası yadıma düşüb.


Babamın ocağı, nənəmin sacı,
Qardaşın qeyrəti, ismətli bacı,
Ömrümün bəzəyi, başımın tacı,
Qəlbimin sonası yadıma düşüb.


Vətəndən şirin də paymı var imiş?
Bizim Körpülüyə taymı var imiş?
Quru çay adında çaymı var imiş?
Pirinin talası yadıma düşüb.


İsayam, bilirəm səngiməz yaşım,
Sən nə bilirsən ki, nə çəkib başım,
Qismətnən, qədərnən, kimnən dalaşım,
Gəncliyin səfası yadıma düşüb.

_______________________________________

A KÖRPÜLÜM


Yarı yolda yalan satdı
Bəxtim məndən qabaq yatdı
Ürəyim də ağrı tapdı
Yaralıdır dəli könlüm
Elim-günüm a Körpülüm!


Yaşım qələm, sinəm dəftər
Nalə çəksəm ay ellilər
Gözlərimdən sel tökülər
Ağlayıram zülüm-zülüm
Elim-günüm a Körpülüm!


Lal töhmətli an mənimdir
O tökülən qan mənimdir
Bu sökülən can mənimdir
Heç bilmirəm neçə bölüm
Elim-günüm a Körpülüm!


İzim qaldı Yekə Yalda
Şah çinarın gözü yolda
Dad amanda Böyük Kol da
Qubarlıdır içim-çölüm
Elim-günüm a Körpülüm!


Var İsanın neçə qəmi?!
Hələ yoxdur bir həmdəmi
Kösöv etdim hər gecəmi
Sovrulubdur göyə külüm
Elim-günüm a Körpülüm!

________________________________________


AZƏRBAYCANLIYAM MƏN


Oddan yoğrulmuşam, sinəmdə məşəl yanır
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Dədə Qorqud babamı bütün dünya tanıyır
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Ocaqlıyam, alovluyam, Azərbaycanlıyam mən.


Tarixin özü boyda şöhrətim var, şanım var
Nuh gəmisindən əqdəm, Avey, Qobustanım var
Bəşəri heyran qoyan neçə yüz dastanım var
Aləm bilir qədimdən atəş nişanlıyam mən
Bilirəm, türk soyluyam, Azərbaycanlıyam mən.


Daş kitabələrdə də salnamələrim qalıb
Nəsrəddin Tusim mənim kahkaşana səs salıb
Göylərdən ilham alıb, yerdən göyə ucalıb
Aləm bilir qədimdən atəş nişanlıyam mən
Səmsi-şimşək boyluyam, Azərbaycanlıyam mən.


Dürlü ləhcələrim var, bütün dillərdən qoca
Nizamim məskən salıb könüllərdə ayrıca
Füzulim saray tikib uca dağlardan uca
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Doqquz qurşaq çağlıyam, Azərbaycanlıyam mən.


Təbriz doğma anamdı, Bakı canımdır mənim
Odlar yurdu vətənim, din-imanımdır mənim
Dəli Kürlə Xan Araz şah damarımdır mənim
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Bu ormana bağlıyam, Azərbaycanlıyam mən.


Cəmiyyət yaranandan bu torpağı seçmişəm
Çox imtahan vermişəm, çox sınaqdan keçmişəm
Keçdiyim yol töhvəli, gələcəyim möhtəşəm
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Əzəldən vüqarlıyam, Azərbaycanlıyam mən.

İsa! Düşmən eşitsin, çox deməsin özündən
Ruhuma and içmişəm, dönməyəcəm sözümdən
Yurduma göz dikəni kor qoyacam gözündən
Aləm bilir, qədimdən atəş nişanlıyam mən
Bu millətin oğluyam, Azərbaycanlıyam mən.


_____________________________________


YANAN DA BİZ, YAMAN DA BİZ

20 yanvara


Ürək yanır, can sökülür, bu nədir?
Diz əyilir, bel bükülür, bu nədir?
Yaş qarışıq qan tökülür, bu nədir?
Yanan da biz, yaman da biz olmuşuq,
Qanımıza qəltan da biz olmuşuq.


Aldana-aldana hey inanmışıq,
İnana-inana hey aldanmışıq.
Hər itib-azanı biz dost sanmışıq,
Yanan da biz, yaman da biz olmuşuq,
Qəlpə-qəlpə talan da biz olmuşuq.


Kövrəldi ürəklər, yara bağladı,
Məlakə analar qara bağladı.
Haqq özü bəs bunu hara bağladı?
Yanan da biz, yaman da biz olmuşuq,
Zaman-zaman viran da biz olmuşuq.


Bu qərəzdi, qəsddi axı, bəsdi, hey!
Dözəmmirəm, nəfəsimi kəsdi, hey!
İsa, xəzan niyə belə əsdi, hey!
Yanan da biz, yaman da biz olmuşuq,
Yana-yana pünhan da biz olmuşuq.

________________________________________

DE, GƏLSİN
Aşıq qardaş, çal, başına dolanım,
Yetim qalmış Yel dağından de, gəlsin!
Sən alovlan, mən oduna qalanım,
Uşaqlığın sorağından de, gəlsin!
Çarığından, çomağından de, gəlsin!


Könlüm yaralıdır, ürəyim dolu,
Gözü yolda Qarıuçan, Çubuqlu,
Sinəm dağlı, kürəyimdə dərd zolu,
Çobanların yaylağından de, gəlsin!
Otlağından, yatağından de, gəlsin!


Körpülünün dərəsindən, dağından,
Ləmbəlinin gül-çiçəkli bağından,
Sən Ləlvərin toy-büsatlı çağından,
Örpəyindən, yaylığından de, gəlsin!
Pərvanəsiz çırağından de, gəlsin!


Doğma yurddan, doğma eldən, obadan,
Söyüdlüdən, Babəkardan, Babadan,
Ürəklərə od qalayan havadan,
Babaların oylağından de, gəlsin!
Közü sönmüş ocağından de, gəlsin!


Gəl, çələng hör bənövşədən, lalədən,
Mizrab düzəlt qönçə ikən jalədən.
Bir kömək yox nə Tanrıdan, taledən,
Ləçəyindən, yarpağından de, gəlsin!
Pöhrəsindən, budağından de, gəlsin!


Daş bulağın, Quru çayın, Calanın,
Yekə yalın, Tənbəkərin, talanın,
Koroğlunun qayasının, qalanın
Çınqılından, torpağından de, gəlsin!
Uçuğundan, qalığından de, gəlsin!

İsa, meydan hünərin yox, zərindi,
Məhvərindən niyə çıxmır, yer indi?
Yaralarım qıyma-qıyma, dərindi,
Dərindən yox, qaysağından de, gəlsin!
Çeşməsindən, bulağından de, gəlsin!
 

 

 

ƏLAQƏ Saytı dİzayn edən : Sabit MAnsurov